Polisdə müəmmalı ölümlər, işgəncələr, siyasi həbslər, söz azadlığının boğulması və mitinq qadağası
ABŞ Dövlət Departamenti 2019-cu il üzrə dünyada insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb. Hesabatı martın 11-də dövlət katibi Mayk Pompeo təqdim edib.
Hesabatda 200 ölkə və ərazidəki vəziyyət qiymətləndirilir.
Azərbaycan haqqında hissədə insan hüquqları, işgəncələr, qanunsuz həbslər, həbsxanada həyat üçün təhlükəli olan saxlama şəraiti, siyasi məhbuslar, şəxsi həyata müdaxilə, məhkəmə hakimiyyətinin müstəqil olmaması problemi, söz, mətbuat və İnternet azadlığının ciddi şəkildə məhdudlaşdırılması, jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin təqibi və həbsi və digər məsələlər əksini tapıb.
Polisdə vətəndaşların öldürülməsi
Sənəddə bildirilir ki, Azərbaycanda 2019-cu il ərzində polis tərəfindən saxlanmış şəxslərin həbsdə ikən ölməsinə dair xəbərlər var. Məsələn mayın 11-də Şəki rayonunda polis idarəsinə çağırılmış Qalib Məmmədov oradaykən vəfat edib. Qohumları onun polis idarəsində döyülərək öldürüldüyünü iddia edirlər. Halbuki ölüm rəsmən intihar kimi sənədləşdirilib.
Hesabatda deyilir ki, hökumət 2018-ci ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdindən və iki polis zabitinin öldürülməsindən sonra polisə müqavimət göstərərkən öldürüldüyü iddia olunan şəxslər barədə məlumat verib. Bu ölümlərlə bağlı heç bir təhqiqat aparılmayıb.
Sənəddə deyilir ki, qanunsuz qətlləri törədənlər çox vaxt cəzasız qalır və ya yaxalarını yüngül cəzalarla qurtarırlar.
İşgəncələr
Hesabatda deyilir ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən geniş istifadə davam edir. İşgəncə vasitəsi kimi elektroşokdan geniş istifadə edilir və işgəncə verilməsinə görə cəzasızlıq sistematik və endemik xarakter alıb.
Hesabatda “AXCP işi”nə görə (partiyanın guya qanunsuz maliyyələşməsi ittihamı üzrə) həbs edilən Saleh Rüstəmov, Aqil Məhərəmmov, Babək Həsənov, Ruslan Nəsirli və Valeh Rüstəmlinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqları da qeyd olunur.
Sənəddə deyilir ki, Azərbaycan polisi işgəncələrdən istintaqa lazım olan etirafların alınması məqsədilə istifadə edir.
Hakimiyyət orqanları işgəncələrə məruz qalanların tibbi müayinəsinə mane olur.
Hesabatda deyilir ki, Azərbaycanda tam şəkildə Ədliyyə Nazirliyinin nəzarətində olan məhkəmələrdə saxta ittihamlar əsasında qanunsuz hökmlər çıxarılır: “İnandırıcı məlumatlara görə, hakimlər və prokurorlar təlimatlarını prezident administrasiyasından və Ədliyyə Nazirliyindən alırlar”.
Interpoldan sui-istifadə
Hesabatda deyilir ki, Azərbaycan hakimiyyətinin beynəlxalq hüquq-mühafizə orqanlarından, xaricdəki opponentlərinə qarşı sui-istifadəsinə dair çoxsaylı xəbərlər var.
Jurnalistlərin siyasi motivlərlə saxlanması
Sənəddə habelə Azərbaycanda söz və ifadə azadlığının vəziyyətinə də toxunulur. Qeyd olunur ki, hakimiyyət ifadə və media azadlığına məhdudiyyətlər qoyur, jurnalistlər hədələnir, bəzi hallarda isə döyülür və ya saxlanır.
Hesabatda deyilir ki, Azərbaycan ötən il ərzində mediaya, habelə ölkə daxilindəki və xaricindəki jurnalistlərə qarşı basqılarını davam etdirib.
İnsan haqları müdafiəçilərinə istinadən bu da qeyd olunur ki, ilin sonuna olan məlumata görə ümumilikdə siyasi məhbuslardan 6-sı bloger və jurnalistlərdir.
Sənəddə bildirilir ki, Azərbaycanda jurnalistlərin siyasi motivlərlə saxlanması davam etdirilir:
“Hakimiyyət hökumətin mövqeyindən fərqli baxış ifadə edən internet saytlarını bloklamaqda, internetdə tənqidi fikirlərini yazanları məhbus etməkdə davam edir. İnsan haqları fəalları bildirirlər ki, ölkə boyunca adamlar polis məntəqələrinə çağırılır və onlardan sosial mediada hökuməti tənqid edən postlarının silinməsi tələb edilir. Bu göstərişə əməl etməyənlər müxtəlif cəzalarla hədələnir”.
Bloklanan saytlar və mitinq qadağası
Hesabatda deyilir ki, 2018-ci ilin məlumatına görə Azərbaycanda bloklanan saytların sayı 85-ə çatıb, halbuki 2017-ci ildə bu rəqəm 25 idi.
“Amerikanın səsi”, AzadlıqRadiosu, habelə Azadlıq qəzeti, Bastainfo.com, Criminal.az, Topxeber.az, Fia.az, Monitortv.info, Xural.com, Az24saat.org, Anaxaber.az, Arqument.az kimi Azərbaycan saytları, o cümlədən Almaniyada mənzillənən Meydan TV-nin saytı il ərzində bloklanmış vəziyyətdə idi”.
Azərbaycanda sərbəst toplaşma hüququnun pozulması məsələsinə toxunan hesabat bildirir ki, 19 yanvar mitinqindən sonra hakimiyyət müxalifətin aksiyalar keçirməsinə imkan verməyib. Hakimiyyət müxalifətə aksiyalar üçün bir qayda olaraq paytaxtdan aralıda olan Lökbatanı təklif edir.