Redaksiyamıza şikayət edən Mehdiyev Əbülfəz Heybət oğlu tikdiyi evin Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən söküldüyünü bildirir.
Onun sözlərinə görə, 2015-ci ilin dekabr ayına qədər 3 dəfə tikdiyi evi söküblər: “Ərazi SOCAR-a aid olsa da ətrafda xeyli insan ev tikib yaşayır. Amma bizə imkan vermədilər. Sonuncu dəfə evin sökülməsinə mane olmaq istədikdə mənə və ailə üzvlərimizə mane oldular. Həmin vaxt polislər də orda idi. Və SOCAR-ın işçilərinin özbaşınalıqlarına susdular. 10-15 nəfər SOCAR-ın Təhlükəsizlik Xidmətinin əməkdaşından polislər qorxurdular. Dəfələrlə SOCAR prezidenti Rövnəq Abdullayevə, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etsək də şikayətimizə baxan olmadı. Maraqlıdır ki, şikayətlərimizi davam etdirdiyimizə görə, bizi təhdid edirdilər. Həmin ərazidə bizim evimizlə bərabər yüzlərlə insanların evləri “SOCAR” tərəfindən sökülmüşdür. Məni evi sökülən və SOCAR-in qanunsuz əməllərindən əziyyət çəkən insanları bir yerə toplayaraq, birgə etirazlar təşkil edirdim. Buna görə məni dövlətə qarşı çıxmaqda ittiham edirdilər. Özümü və ailə üzvlərimizi həbs edəcəklərini deyirdilər. Məcbur qalıb, şikayətləri dayandırdıq”.
Vətəndaşın sözlərinə görə, SOCAR-ən Təhlükəsizlik Xidməti tanıdıqları onlarla ailənin başına müxtəlif oyunlar gətirdiyi üçün qorxub: “Azərbaycanda haqq və ədalət yoxdur. Şikayət etdiyimiz adamların gəlib bizi təhdid etməsi özbaşınalığın son həddidir. Dərdimizi kimə deyək, Prezidentə yazırıq, onlar da şikayətimizi SOCAR-a göndərir”.
Əbülfəz Mehdiyev son çarəni intihar etməkdə gördüyünü da deməkdən çəkinmir…