Azərbaycan və rus dillərində çıxan “Kaspi” qəzetinə dövlət yardımı dayandırılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) fevralın 3-də bu ilin birinci yarısı üzrə maliyyə yardımı ayrılmış qəzetlərin siyahısını açıqlayıb. Onların arasında sözü gedən qəzetin adı yoxdur.
Müsabiqənin şərtlərinə görə, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500-3000 nüsxə olan gündəlik ictimai-siyasi qəzetlər yardım ala bilər.
“Kaspi”nin tirajı ötən il 3800 nüsxə olub. Qəzet kollektivinin dövlət başçısına müraciətində deyilir ki, “Kaspi” “həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır”. Kollektiv prezidentin qəzetin maliyyə yardımı almasına kömək etməsini istəyir
Mətbuat klubu”nun direktoru Arif Əliyev “Kaspi” ətrafında baş verənlərdə təəccüblü nəsə görmədiyini deyir.
Onun qənaətincə, “dünən bir qabdan çörək yeyənlər bu gün bir-birinə arxa çevirirlər” və bu, dəfələrlə baş verib.
“Mənim düşüncəmcə, necə ki əvvəlcə “Kaspi”-ni hər dəfə önə çəkib ona yardım göstərmək düzgün deyildi, eləcə də indi ciddi əsas olmadan ona yardım göstərilməsindən imtina doğru deyil. Hər şey ondan asılıydı ki, bunun sahibi vəzifədə idi, pul da ona gedirdi, indi vəzifədə deyil və gələcəyi necə olacaq şübhəlidir deyə, ondan kənar dayanılır. Bu da nə mənəviyyata, nə də dövlətçilik prinsiplərinə uyğundur”.
Arif Əliyevin fikrincə, yanaşma tərzi dəyişməlidir, qəzetlərə bu şəkildə maliyyə yardımı dayandırmalıdır. Onun sözlərinə görə, bu yardım rüşvətdən heç nəylə fərqlənmir:
“Mediaya yardım bu şəkildə göstərilməməlidir. Bu o deməkdir ki, gedin orda sakitcə oturun, inkişaf da etməyin. Həmin vəsait bu günədək inkişafa gətirməyib, merkantil maraqlar, bəzi maraqlar əsasında bölüşdürülüb”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə, Azərbaycana böyük neft pulları gələndə yaradılıb.
O zaman əksər tənqidçilər bunu müstəqil, tənqidçi medianın susdurulmasına yönəlmiş addım kimi dəyərləndirirdilər. Onlar hakimiyyətdən maliyyə yardımı əvəzinə KİV-in müstəqil fəaliyyətinə imkan yaradılmasına, müstəqil jurnalistlərin təqibinə son qoyulmasına çağırış edirdilər.
Beynəlxalq qurumların hesabatlarında Azərbaycanın ildən ilə söz azadlığına görə gerilədiyi bildirilir. Hərçənd rəsmilər bu tənqidi qəbul etmirlər, dövlətin jurnalistə mənzil və ya qəzetə maliyyə yardımı qarşılığında heç nə ummadığını bəyan edirlər.