Beynəlxalq koalisiya hakimiyyətdən vicdan məhbuslarına azadlıq tələb etdi
Məşhur hüquq-müdafiə təşkilatlarının beynəlxalq koalisiyası Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı “görünməmiş repressiya dalğası” başlamasının ildönümü ilə bağlı birgə bəyanatla çıxış ediblər.
“Azərbaycan hökumətinin görünməmiş repressiyalara və insan haqlarını pozmasına başlamasından bir il keçsə də, ölkədə vəziyyət hələ də pisləşməkdə davam edir. “İdman insan haqları üçün” koalisiyası beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətini pisləməyə və ölkənin vətəndaş cəmiyyətini dəstəkləmək üçün konkret tədbirlər qəbul etməyə çağırırlar.
Bəyanatda hüquq müdafiəçisi Leyla Yunus, həyat yoldaşı Arif Yunusun, Intiqam Əliyevin, Rəsul Cəfərovun, Emin Hüseynovun, Xədicə Ismayılın və s. təqib və həbslərilə başlanan qalmaqallı işlər sadalanır.
Bir çox başqa hüquq müdafiəçiləri və jurnalistlərin təhlükəsizliklərini qoruya bilmələri üçün Azərbaycanı tərk etməyə məcbur olduqları qeyd edilir.
“Beynəlxalq ictimaiyyət öz diqqətini qovulması mümkünlüyü hələ də gözlənilən cəsarətli, müstəqil düşncəli insanlar üçün təhlükəli yer olan Azərbaycana cəmləməlidir” – deyə Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova qeyd edir.
Azərbaycanı çoxdan tərk etmiş siyasi mühacirlər Qənimət Zahid və Emin Millinin qohumlarının həbsi isə vətəndaş cəmiyyətinə qarşı repressiyaların son nümunələridir.
“Onlar Azərbaycandakı hadislələr barədə həqiqətləri dedikdə hakimiyyət onların qohumlarını həbs etməkdən ”yaxşı” bir şey düşünə bilmədi” deyə Article 19-un rəhbəri Tomas Xıyuz bildirib.
Bütün bunlar ədalətsiz, siyasi motivli və qapalı məhkəmələr fonunda baş verir ki, burada hakimlərin ədalətliliyinə və vicdanlılığına ümid yoxdur.
L.Yunus və həyat yoldaşı, eləcə də Xədicə Ismayıl üzərində başlanan məhkəmələr bunun əyani nümunəsidir.
“İdman insan haqları üçün” koalisiyası Azərbaycan hakimiyyətini repressiyaları dayandırmağa, ölkədə insan haqları ilə bağlı situasiyanın yaxşılaşdırılması üçün konkret addımlar atmağa çağırır.
“Biz Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, Intiqam Əliyevin, Xədicə Ismayılın və digər hüquq müdafiəçisi və jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmaları ilə bağlı çağırışlarımızı təkrarlayırıq.
Leyla və Arif Yunusa təcili tibbi yardım göstərilməsini və humanitar səbəblərlə bağlı azad olunmalarını tələb edirik.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyəti daim diqqət mərkəzində saxlamağa çağırırıq, çünki, sonuncu tənqidi səslərlə haqq-hesab çəkmək təhlükəsi olduqca realdır. Bu insanları qorumaq və dəstəkləmək üçün təxirəsalınmaz və konkret fəaliyyətlər zəruridir” sözləri ilə yekunlaşan bəyanatı “89-up”, “Article-19″, Jurnalistləri Müdafiə Komitəsi, ”Index Censorship”, Insan Haqları üzrə Beynəlxalq Federasiya, Hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi üzrə Observatoriya, IMS (Mediaya Beyənlxalq Dəstək), Amerika PEN Mərkəzi, “People in need”, Belorusla Həmrəylik Platforması, Işgəncələrə qarşı beynəlxalq təşkilatı imzalayıb.
Mətləb BALAKİŞİYEV