ABŞ Dövlət Departamenti: «Azərbaycanda sistemli korrupsiya insan alverinə qarşı mübarizədə əsas maneədir»

hero-exterior

ABŞ Dövlət Departamenti: «Azərbaycanda sistemli korrupsiya insan alverinə qarşı mübarizədə əsas maneədir»

«Hüquq-mühafizə orqanları tanınmış fiqurlardan, vəzifəli şəxslərdən ehtiyatlanaraq, insan alveri hallarını yetərincə araşdırmırlar»

ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə insan alverinə dair illik hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, insan alveri dünya boyu 230 milyondan çox miqrantı əhatə edir və illik 150 milyard dollar qazanc gətirir. Hesabatın Azərbaycana aid bölümü kifayət qədər əhatəlidir. Orada qeyd olunub ki, Azərbaycan məcburi əməyə və cinsi istismara məruz qalan kişilər, qadınlar və uşaqlar üçün birbaşa mənbə, tranzit və təyinat ölkəsidir: “Azərbaycanlı oğlan və kişilər Azərbaycanlı yanaşı, Rusiyada da məcburi əməyə məruz qalırlar.
Azərbaycan qadınları və uşaqları isə həm ölkə daxilində, həm də Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Iran və Isveçdə cinsi istismara məruz qalırlar. Eyni zamanda, Türkiyə, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bir xeyli işçi-miqrant da Azərbaycanda məcburi əməyə cəlb olunur”.
Hesabat müəllifləri yazır ki, Azərbaycandan həmçinin insan alveri qurbanlarının cinsi istismar və məcburi əmək məqsədilə Mərkəzi Asiya ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Irana aparılması üçün tranzit ölkə kimi istifadə olunur.
Bundan başqa, Azərbaycanda bir sıra uşaqların, xüsusən də qaraçılar məcburən dilənçiliyə cəlb olunduğu, yollarda satıcılıq edən, çay evlərində, şadlıq saraylarında da uşaqların çalışması hallarına rast gəlindiyi sənəddə öz əksini tapıb.
Bildirilir ki, filippinli qurbanların qul kimi işlədilməsi Azərbaycanda yeni problemdir. Xüsusən, məcburi köçkünlərin yaşayış məntəqələrindəki qadınlar və küçə uşaqları, cəzaçəkmə müəssisələri, uşaq evləri və internat məktəblərindən buraxılanlar, yəni son nəticədə ev-uşiyi olmayanlar insan alveri problemi qarşısında daha müdafiəsizdir.
“Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması üçün minimum standartlara əməl etmir, hərçənd bunun üçün səylər göstərir. Hesabat dövründə hökumət insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyə dəyişikliklər edib. Bununla belə, hökumət əvvəlki kimi, əcnəbi insan alveri qurbanlarının sayını olduğundan daha az göstərməkdə davam edir; xarici miqrantları məcburi əməyə cəlb edən şirkətlərlə bağlı yetərincə araşdırmalar aparılmır. Ölkədə geniş yayılmış korrupsiya da insan alverinə qarşı mübarizədə qanun və mexanizmlərin effektivliyinə imkan vermir”, – deyə hesabatda vurğulanıb.
Sənədi hazırlayanlar insan alverinə qarşı effektiv mübarizə məqsədilə Azərbaycan hökumətinə aşağıdakı tövsiyələri veriblər:
Azərbaycanda insan alverinin qurbanına çevrilən, məcburi əməyə cəlb olunan əcnəbilərlə bağlı faktların üzə çıxarılması istiqamətində səylər artırılsın;
Insan alverilə bağlı qanun pozucularına qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirilsin;
Insan alverilə bağlı əməlləri törədənlərə qarşı həbs cəzası da daxil olmaqla, sərt tədbirlər görülsün;
Insan alverinə qarşı mübarizə ilə məşğul olan dövlət strukturları arasında əlaqələr sıxlaşdırılsın;
Insan alverində əli olan dövlət məmurları ilə bağlı məsələ qətiyyətlə araşdırılsın və qanunun tələbinə uyğun tədbirlər görülsün;
Insan alveri qurbanlarına maddi yardımlar artırılsın və Bakı ətrafında onların yerləşdirilməsi üçün şəbəkə qurulsun;
Hüquq-mühafizə orqanlarının, prokurorluq və məhkəmə işçilərinin bu problemə həssaslığı artırılsın, onlara psixoloji travma almış insan alveri qurbanları ilə necə işləmək öyrədilsin.
Hesabatda vurğulanır ki, Azərbaycanda sistemli korrupsiya insan alverinə qarşı mübarizədə əsas maneədir: “Vətəndaş cəmiyyətinin nümayəndələri xəbər verir ki, hüquq-mühafizə orqanları tanınmış fiqurlardan, vəzifəli şəxslərdən ehtiyatlanaraq, xüsusən məcburi əməyə cəlbetmə ilə bağlı halları yetərincə araşdırmırlar. Polis insan alverinin qurbanlarını istismar edənlərdən rüşvət almaqda ittiham olunur.
Azərbaycan hökuməti filippinli qadının məcburi əməyə cəlb olunmasıyla bağlı bir işi araşdırıb. Həmin qadın siyasi bağlılığı olan biznesmenin evində işlədilib. Amma hesabat hazırlanan dövrdə həmin iş başa çatdırılmamışdı.
Azərbaycan hökuməti insan alverində əli olan dövlət məmurları ilə bağlı araşdırmalar, onlara qarşı cinayət təqibi və ya mühakimə barədə heç bir məlumat verməyib”.
Sənəddə qeyd olunub ki, Azərbaycan hökuməti hesabat dövründə insan alveri qurbanlarının müdafiəsilə bağlı müəyyən inkişafa nail olub, amma bu, kifayət deyil: “Insan alveri qurbanlarının aşkara çıxarılması narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Hökumət insan alverinə qarşı mübarizəyə nə qədər vəsait xərclədiyini də açıqlamır”.
Hesabatda 2013-cü ildə baş vermiş bir hadisədən də bəhs olunur: “Azərbaycanda 2013-cü ildə Bakıdakı klubların birində fahişəliklə məşğul olan 53 nəfərlik qrupu həbs ediblər. Onların 45-i qadın, 8-i kişi olub. Saxlanılanların bir çoxu yetkinlik yaşına çatmayan özbəklər olub. Onlar avtomatik insan alverinin qurbanları sayılmalıdır. Qızlara hansı cəzaların verildiyi, onların nə qədər həbsdə saxlanıldığı məlum deyil.
***
ABŞ Dövlət katibi Con Kerri deyib ki, bu hesabat fəaliyyətə keçmək çağırışı kimi qəbul olunmalıdır. Onun sözlərinə görə, insan alverinə qarşı mübarizədə inkişaf ruhlandırıcı olsa da, mübarizə hələ uzun illər davam edəcək.
“Bu, pula qarşı müharibədir. Bu, şərlə mübarizədir”, – deyə Kerri vurğulayıb və əlavə edib ki, ABŞ dünyada insan alverinə qarşı mübarizəni dayandırmayacaq: “Bu, 100 faiz qələbə qazanmalı olduğumuz döyüşdür. Bu, müasir dövrün insan haqlarının ən böyük problemidir”.

 

Mətləb BALAKİŞİYEV