Zamirə Hacıyeva ingilis mediasının “qəhrəmanına” çevrilib
Dövlət bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı on il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib.
“BBC Azərbaycan” xidməti xəbər verir ki, Britaniyada Məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib.
55 yaşlı Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır.
Zamirə Hacıyevanın adı ictimaiyyətə 2005-ci ildə onun oğurlanması ilə məlum olub.
O, Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədov və onun dəstəsi tərəfindən qadın salonundan çıxarkən qaçırılıb.
Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub.
Hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.
Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunandan sonra yerli media 2016-cı ilin iyununda Zamirə Hacıyevaya qarşı da cinayət işi açıldığını və onun axtarışa verildiyini yazıb.
Cahangir Hacıyevin vəkili Aqil Layıcov mətuata açıqlamasında deyib ki, Nərimanov rayon Məhkəməsinin Zamirə Hacıyeva ilə bağlı qərarı “tamamilə gizli şəraitdə” qəbul edilib.
“Məhkəmənin keçirilməsi ilə və qəbul edilmiş qərarla bağlı Hacıyevaya və onun vəkilinə, qohumlarına xəbər verilməyib. Zamirə Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi primitiv qaydada apelyasiya şikayəti də verməyib”,- Aqil Layıcov “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.
Ona Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.