AXCP sədri Əli Kərimli ötən gün videoyazısı yayılmış çox səs-küylü bir olay barədə yazıb. Söhbət DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin Bakıdakı restoranlardan birində ofisiantı bıçaqlaması olayından gedir. AXCP sədri bu olayın videoyazısına baxdıqdan sonra orada maraqlı pozitiv cəhət tapıb. O yazır:
“Gəlin, bu əli bıçaqlı general oğlu hadisəsinin pozitiv tərəfinə də baxaq.
General oğlunun nə qədər ki, əlində bıçaq var, onu tuturlar, tutulmur. Cəzasız qalacağına əmin olduğundan meydan sulayır, özünü yerin-göyün sahibi sayır. Ofisiant oğlan da bacardığı qədər bu bəladan qaçmağa çalışır. Amma o məqamda ki, özündən razı məmur oğlu artıq bıçaqsız halda günümüzün qəhrəmanı – yaralı ofisiantla üz-üzə gəlir, yerə çırpılmağı 3 saniyəlik iş olur.
Mən bu videoya baxanda dərhal ağlıma gəldi ki, bu əli bıçaqlı general oğlu bütövlükdə rejimin obrazıdır. Ondan qaçmağa çalışan ofisiant dostumuz da bu xalqın ümumişəşdirilmiş obrazı. Çox güclüdür, amma özgüvəni aşağıdır, “başını aşağı salıb, gündəlik çörəkpulusunu qazanmaq” istəyir. Amma bıçaqlanandan sonra da zalımın ondan əl çəkmədiyini görüb, başa düşür ki, bu bəla qaçmaqla qurtaran deyil. Qaçmağın çarə olmadığını anlayıb, xeyli qan itirməsinə baxmayaraq, onu qovan azğının üstünə gedir və üçcə saniyəyə o azğını yerə çırpır.
Xalqımız da hələ əli bıçaqlı zalımların önündən qaçır. Amma gün gələcək ki, qaçmağın çarə olmadığını qəbul edəcək. O zaman siz bu zalımlar ordusunun aqibətini düşünün”.