”Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim”
Azərbaycanlı qroysmeystr Şəhriyar Məmmədyarovun sponsorsuzluqdan etdiyi şikayət geniş ictimai rezonans doğurub.
“Facebook” profilində yazdığı statusdan sonra gələn reaksiyalara şahmatçı növbəti dəfə cavab verməyə məcbur olub.
Qayğı və biganə qalmadıqlarına görə hamıya ayrı-ayrılıqda təşəkkür edən, Ş.Məmmədyarov onun yazısına siyasi rəngin verilməsindən təəssüflənib.
“Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və Vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəyəm”.
O, bildirib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb və bu məbləğ yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir.
“Həmçinin, milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm. Şahmatdan başqa gəlir mənbəyim olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib vermək və s. xərcləri öz hesabına ödədiyimdən, məcburən çoxsaylı turnirlərə qatılmalı oluram. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır”.
Eyni zamanda, şahmatçı qeyd edib ki, yarışlarda qazandığı uğurlar üçün prezident tərəfindən dəfələrlə mükafatlandırılıb və bunu çox yüksək qiymətləndirir.
“Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var. Mənimlə bərabər turnirlərdə mübarizə aparan və daha aşağı reytinqə malik şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlardan dəstək alırlar. Mən isə burada özümün və komandamın yeməyini belə şəxsi hesabıma ödəyirəm. Mənim fikirlərim hansısa maddi qazanc məqsədi daşımır və hər bir peşəkar idmançı kimi nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram”.
O xüsusi olaraq vurğulayıb ki, dünya səviyyəsində “20-liy”ə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdir: Menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər.
“Bu tərkibdə komandanın saxlanılması isə sözsüz ki, külli miqdarda vəsait tələb edir. Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır. Turnirlər zamanı mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu yarışda reytinqimi bir qədər də qaldırdım və 9 oyunda məğlub olmadım! Çox sağ olun!”.
Şəhriyar Məmmədyarov “Sinquefield Cup”da 9 oyundan 1 qələbə, 8 heç-heçə və ümumilikdə 5 xalla 4-cü yeri tutub.