“Son illər respublikamızda əhalinin hasilat sənayesindən əldə edilən gəlirlərlə bağlı maarifləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bunun nəticəsidir ki, artıq regionlarda da məlumatlılıq əvvəlki illərə nisbətən artıb. Əhali arasında keçirilən sorğuda iştirak edənlərin 45 faizi hasilat sənayesi barədə məlumatlı olduğunu bildirib”. Xebername.info xəbər verir ki, bunu Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Elşən Nağıyev bildirib.
“Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün regionlarda təsirlərinin öyrənilməsi” layihəsinin icrası barədə danışan E.Nağıyevin sözlərinə görə, keçirilən sorğuda 180 nəfər iştirak edib: “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən layihə Kürdəmir, Siyəzən, Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarının ərazisini əhatə edib. Sorğunun nəticələri də göstərir ki, Azərbaycanın müasir dövlət idarəçiliyi sistemində tətbiq edilən şəffaflıq və hesabatlılıq mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra çıxış edən Sosialogiya üzrə fəlsəfə doktoru İnşallah Qafarov sorğunun nəticələrini təhlil edərək iştirakçılara məlumat verib.
Ekspert sonda iştirakçıların suallarını cavablandırıb.