İyunun 29-da Ali Məhkəmənin Plenumu ReAl partiyasının sədri İlqar Məmmədov haqqında qərar çıxarıb. Plenum partiya sədrinin 7 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin, ardınca da Ali Məhkəmənin bu haqda verdiyi qərarları ləğv edib. Cinayət işi yenidən baxılması üçün təkrar Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu barədə “Azadliq.info”ya İlqar Məmmədovun vəkili Fuad Ağayev bildirib.
Amma bu qərar da vəkili qane etmir. Deyir ki, Ali Məhkəmənin Plenumu əslində, Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədovla bağlı hökmünü də ləğv etməli, o, azadlığa buraxılmalıydı: “Amma İlqar Məmmədov hələ də həbsdədir”.
Fuad Ağayev onu da qeyd edib ki, Azərbaycan Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarlarını icra etməli, onu azadlığa buraxmalıdır. Həmçinin İlqar Məmmədov heç bir cinayət törətmədiyinə görə onun haqqında cinayət işinə xitam verilməlidir.
Bundan əlavə, Fuad Ağayev təhlükəsizlik məsələsinə də diqqət çəkir. Deyir ki, bu müddətdə İlqarın təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirilməli, təxribatlara yol verilməməlidir. Vəkil öz təhlükəsizliyinə də toxunur: “Onun yeganə vəkili olaraq, mənim də təhlükəsizliyim və toxunulmazlığıma görə iqtidar məsuliyyət daşıyır”.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də yanvar ayında İsmayıllıda baş vermiş etirazların təşkilində təqsirləndirilərək həbs olunub. Kütləvi iğtişaşların təşkilində ittiham olunan siyasətçi 7 il azadlıqdan məhrum edilib.
Avropa Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun Konvensiyanın 5 (azadlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Daha sonra Avropa Məhkəməsi İlqar Məmmədovun həbsinin siyasi motivli olması nəticəsinə gələrək (18-ci maddənin pozuntusu), onun azadlığa buraxılmasına çağıran qərar qəbul edib.
Amma bu günə qədər qərarların heç biri icra olunmayıb.