Səməd Seyidov Gültəkin Hacıbəyliyə qarşı təxribatı etiraf etdi

semed seyidov2AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçmiş millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə qarşı təxribatı dolayısı ilə etiraf edib.

Gültəkin Hacıbəylinin adı AŞPA-da Azərbaycanla bağlı korrupsiya işi üzrə bu qurumun sanksiya tətbiq etdiyi şəxslər sırasına salınıb. Səbəb kimi isə onun AŞPA-nın Azərbaycanla bağlı korrupsiya istintaqı ilə əməkdaşlıq etməməsi, göndərilən sullara cavab verməməsi göstərilib. Lakin bu barədə xəbər yayılandan dərhal sonra aydınlaşıb ki, Gültəkin Hacıbəyli AŞPA-dan bu xüsusda hər hansı məktub almayıb. Məktublar AŞPA-da Azərbaycan nümayəndəliyinə göndərilib, nümayəndəlik isə G.Hacıbəylini bu barədə məlumatlandırmayıb.

İndi Səməd Seyidov Gültəkin Hacıbəylinin məktublarını ona çatıdrmadıqlarını APA-ya açıqlamasında etiraf edib. “O (Gültəkin Hacıbəyli – red.) parlamentin üzvü deyil axı. Parlament keçmiş deputatlara nəyi və niyə göndərməlidir? Onun parlamentə aidiyyəti yoxdur”, – deyə Seyidov bildirib.

AŞPA Azərbaycanla bağlı korrupsiya işinə görə qurumun 14 keçmiş üzvünə qarşı sərt cəza tədbiri seçib. Azərbaycandan cəzaya məruz qalanlar AŞPA üzvlərini satın almaqda əsas iştirakçılar olan deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov, bir də artıq üstü açılmış təxribat səbəbindən Gültəkin Hacıbəylidir.

Gültəkin Hacıbəyli Səməd Seyidovun bu açıqlamasına feysbuk səhifəsində münasibət bildirib. “Səməd Seyidov Azərbaycan hakimyyətinin mənə qarşı təxribatının ifşa olunduğunu görüb katibliyin mənə heç bir məktub göndərmədiyini etirat etdi”, – deyə o, qeyd edib.

G.Hacıbəyli bildirib ki, S.Səmədov indi APA-ya dediklərini vaxtında AŞPA-ya deməliydi. Amma məqsədli şəkildə susub və AŞPA-nın onunla bağlı məlum qərarına səbəb olub.

“Təsəvvür edirsinizmi, bir ildən çox bir müddətdə mənə göndərilən məktubları gizlət, İmmunitet və Prosedur Komitəsi sorğularına cavab vermədiyimə əsaslanıb mənə qarşı ən sərt cəza verəndə sus, sorğuları mənə göndərmədiyini dan, indi də de ki, biz niyə məktubları ona göndərməli idik, axı o deputat deyil. Bu sözləri vaxtında AŞPA-ya demək lazım idi, indi APA-ya yox. Azərbaycan nümayəndə heyətinin təşkilatı belə kiçik düşürməsindən, faktiki müxalifətə qarşı alətə çevirməsindən AŞPA-dakılar çox qəzəblidir”, – deyə G.Hacıbəyli bildirib.