MERKELİ KÜNCƏ SIXIBLAR

Almaniya kansleri Angela Merkelin təxminən iki həftə vaxtı var. Kansler bu vaxt ərzində Almaniyaya qaçqın axınının qarşısını almağa hesablanan məhdudlaşdırıcı tədbirləri Avropa Birliyi ilə razılaşdırmalıdır.

Almaniya daxili işlər naziri Horst Sehofer iyunun 18-də Merkelə qəti ultimatum göndərib. Nazir bildirib ki, kansler onun qoyduğu şərtlə razılaşmasa, iyulun ilk həftəsindən etibarən məhdudlaşdırıcı tədbirləri işə salacaq.

Bu zaman da sənədi olmayan, həmçinin Avropa Birliyinin hər hansı başqa ölkəsində qeydiyyatdan keçən qaçqınlar Almaniya ərazisinə buraxılmayacaq. Merkel özü bu tədbirlərə qəti şəkildə qarşı çıxır. O, Avropa Birliyinin iyunun 28-29-da keçirilən sammitində bütün avropalı tərəfdaşlarını razı salan qərarın qəbuluna nail olmağa çalışır.

Almaniya kansleri artıq bu mövzunu İtaliyanın yeni baş naziri Cuzeppe Konte, Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə müzakirə edib.

Məlum olub ki, Avropa Komissiyası AB-yə üzv dövlətlərlə hər hansı separat danışıqların əleyhinədir və miqrant böhranı ilə bağlı özünün əhatəli planı var.

Plana Avropa Birliyinin daxili sərhədlərinin möhkəmləndirilməsi, miqrantların gəldiyi ölkələrlə əməkdaşlığın gücləndirilməsi, münaqişəli bölgələrdən qaçqınların evakuasiyası, yeni qanunların (sığınacaq verilməsinə dair kriteriyaların sərtləşdirilməsi ilə bağlı) qəbulu, AB ölkələrində qaçqınların saxlanılması qaydaları və s. daxildir.

Birlik ölkələrinin hamısı bu bəndlərin əksəriyyəti ilə razıdı. Qaçqınların Avropa ölkələri arasında yenidən bölüşdürülməsi ilə bağlı bənd isə əsas mübahisə mövzusudur.

Bəzi Avropa ölkələri qaçqınlarla bağlı kvotanın tərəfdarıdır. Polşa, Macarıstan, Çexiya və Slovakiya isə kvota şərtini eşitmək belə, istəmir. Prinsipcə, Almaniya bundan sonra da qaçqınları qəbul etməyə razıdır. Lakin axının həddən artıq böyüməsini istəmir.

Avropa Birliyində miqrasiya mövzusuna dair mübahisələr artıq üç ildir davam edir. Və yaxın iki həftə ərzində bu istiqamətdə razılığa gəlinəcəyi real görünmür. Belə olan halda yeganə ümid Avstriya, İtaliya, Yunanıstan və Fransayla ikitərəfli razılaşmalara qalır.