Avropa Şurası Azərbaycanla bağlı korrupsiya hesabatını açıqladı

Avropa Şurası 10 aydır apardığı istintaqı tamamlayıb və belə bir qənaətə gəlib ki, qurumun Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda deyilir ki, Azərbaycan keçirdiyi seçkilərə və yol verdiyi insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü Assambleyaya aşırı təzyiq göstərib.

“GÜCLÜ ŞÜBHƏLƏR VAR”

“Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb”, – hesabatda deyilir.

“Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanır.

Tənqidçilər indiyədək Azərbaycanda seçki pozuntuları – qurulara topa bülletenlərin atılması, həmçinin insan haqlarına pozuntularına AŞPA-nın niyə zəif reaksiya verməsinə dair suallar qaldırıblar.

AŞPA 2017-ci ildə qurumun bəzi indiki və keçmiş üzvlərinin tənqidi yumşaltmaq üçün Bakının “avtokratik hökuməti”ndən bahalı hədiyyələr, kürü, xalçalar qəbul etməsi, Bakıda bahalı otellərdə qalmasıyla bağlı iddiaları araşdırmağa başlanıb. Bu siyasətə tənqidçilər “kürü diplomatiyası” adını verib.

Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparırdı.

Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi, ittihamları araşdıran hakimlərdən biri Sir Nicolas Bratza AŞPA üzvlərinə “simvolik” hədiyyələr verildiyini deyib. Ancaq o, bəzi deputatların bu hədiyyələrin açıqlanmasıyla bağlı daxili qaydalara əməl etməməsindən narahatlığını bildirib.

Hakimlər belə bir qənaətə də gəliblər ki, keçmiş italyan deputatın və Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvünün “korrupsiya xarakterli fəaliyyət”lə məşğul olmasını düşünməyə əsaslar var.

Hesabatda qeyd olunur ki, AŞPA-nın beş keçmiş üzvü davranış kodeksini pozaraq, deputat mandatları bitəndən sonra da Azərbaycanın adından lobbiçilik fəaliyyəti aparıb.

On digər üzvün Azərbaycanla bağlı komitələrdə çalışarkən, yaxud ölkədə seçkilərə monitorinq missiyalarında iştirak edərkən davranış kodeksini pozduqları bildirilir.

VOLONTÈ VƏ AGRAMUNTUN “VACİB ROLLARI”

Hesabatda keçmiş italyan deputat Luca Volontè -nin adı “korrupsiya xarakterli fəaliyyətdə” şübhəli kimi çəkilir. Onun Azərbaycanda siyasi məhbuslarla bağlı hesabata zərbə vurulmasında “vacib rol” oynadığı vurğulanır. Hesabatda digər insan haqları qruplarının narahatlıqları da qeydə alınmışdı, ancaq 2013-cü ildə AŞPA deputatları onun əleyhinə səs verdi.

“The Guardian” qəzeti yazır ki, İtaliya polisi Volontè-nin Azərbaycandan 2,39 milyon avro rüşvət alması barədə iddiaları araşdırır. Volontè isə ittihamları rədd edir və başqa bir çirkli pulyuma maddəsi üzrə ona bəraət verilib.

Sənəddə AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un qurumun sağ mərkəzçi qrupuna rəhbərlik etməkdən ötrü “korrupsiya xarakterli əməllərə” getməsinə dair güclü şübhələrin olduğu vurğulanır. Agramunt ötən il istefa verməyə məcbur olub. Rusiya hökumətinin Suriyaya təşkil etdiyi səfərdə iştirakından dolayı qurumda ona etimadsızlıq səsverməsi keçirildi. Hesabatda bu ispan deputatın Azərbaycanın xeyrinə qərarların verilməsində “əsas rol” oynadığı bildirilir.

“Deutsche Welle” yazır ki, AŞPA prezidenti Michele Nicoletti bu hesabat açıqlanandan sonra “komitə adları çəkilən parlamentarilərin durumunu bir-bir nəzərdən keçirənədək onları fəaliyyətlərini dayandırmağa dəvət edib”.

Transparency International korrupsiyayla mübarizə təşkilatının rəhbəri Jose Ugaz deyib ki, bu deputatlara “sanksiyalar qoyulmalıdır, hakimiyyətlərə bundan ötrü təzyiq göstərəcəyik”.

***

Hesabatın “AŞPA tərəfindən qəbul edilən hədiyyələr” bölməsində bildirilir ki, Avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı Bakıda cinsi xidmətlər də təklif olunub:

AŞPA katibliyi və deputatları bildiriblər ki, Azərbaycanda və Qafqazda hədiyyə vermək mədəniyyətin bir hissəsi olduğundan onlardan imtina etmək həmişə asan olmayıb.

Keçmiş AŞPA prezidenti Lord Russell – Johnston Ermənistan və Gürcüstandan sonra Azərbaycana səfər edəndə Bakıda qaldığı syut otel otagının hədiyyələrlə dolu olduğunu görüb. O, bu duruma şahid olan şəxsdən xahiş edib ki, diplomatik yolla Azərbaycan nümayəndə heyyətinə izah etsin ki, onlar bu hədiyyələrin dörddə birini Strasburqa gətirə bilsələr şad olar.

2014-cü ildə cənab Debono Qrexə içi xalçalarla dolu olan böyük çantalar veriblər. Buna şahidlik edən şəxs bildirib ki, çantalar ağır olduğundan və xalçalar cənab Qrexin xoşuna gəlmədiyindən onları oteldə qoyub. Cənab Qrex xalça hədiyyəsi qəbul etdiyini təstiqləyib.

İsveçrədən xanım Doris Fiala mediaya açıqlama verib ki, ona brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı hədiyyə olunub, amma o, bu hədiyyəni AŞPA-dakı Azərbaycan nümayəndə heyyətinə qaytarıb.

Lüksemburqdan cənab Yves Cruchten deyb ki, o, Avropada QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hesabat üzərində işləyərkən Azərbaycanın lobbiçiləri yaxınlaşaraq ona Azərbaycanda yaxşı qara kürü və qızların olduğunu deyiblər.

Bəzi şahidlər bildirib ki, deputatlara cinsi xidmətlər də təklif olunub.
İşveçrədən Dick Martynin dediyinə görə, Bakıya rəsmi səfərlərindən birində gecə saat 1 radələrində kimsə onun otel otağının qapısını döyüb. Qapının gözlüyündən baxanda əllərində şampan olan yarıçılpaq iki qız görüb. O qapını açmadığını bildirib.

Venessiya Komissiyası katibliyindən olan rəsmi bir şəxs bildirib ki, bir dəfə bir qadın onun qaldığı otelin otağına gələrək ona öz xidmətlərini təklif edib.