«Öz polislərini öldürəcək qədər çirkin olan bir hakimiyyət məni cəzalandırmaq niyyətindən əl çəkmir». Bunu Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə aprelin 23-də məhkəməsində çıxışında deyib.
Bakı Apellyasiya Məhkəməsində T.Bağırzadənin 20 illik cəzasının daha beş ay artırılması barədə hökmdən verilən şikayətə baxılır.
Söhbət ilahiyyatçının CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirildiyi cinayət işindən gedir. İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən 7 ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.
Aprelin 23-də keçirilən məhkəmə iclasında ilahiyyatçının vəkili Fariz Namazlı iki vəsatət qaldırıb. Bunlardan biri yaddaş kartları ilə bağlı rəy vermiş ekspertin dindirilməsi, ikincisi isə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda olub.
«Qobustan mənim üçün tribunaya çevrilib»
Ekspert rəyində T.Bağırzadədən tapılmış yaddaş kartları qanunla qadağan olunmuş əşya kimi təqdim olunub. Vəkil istəyir ki, ekspert dindirilməklə yanaşı, həm də Konstitusiya Məhkəməsi o kartların qanunla qadağan olunmuş əşyaların əhatə dairəsinə aid olub-olmamasına aydınlıq gətirsin.
Hakimlər vəsatəti təmin etməyib.
Daha sonra F.Namazlı apellyasiya şikayətinin dəlilləriylə çıxış edib. Bildirib ki, həmin yaddaş kartları qanunla qadağan olunmuş əşyalar deyil: «Cəzaçəkmə müəssisələrində məhkumların əksəriyyətində bu yaddaş kartlarından olur. Bu məsələyə görə yalnız Taleh Bağırzadə haqqında cinayət işi başlanması ona qarşı qərəzdən xəbər verir. Həmin kartlarda həm də Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi haqda məlumatlar olub. Hesab edirik ki, cinayət işi başlanmasının səbəblərindən biri də budur. Ümumilikdə isə o kartlarda heç bir qanunazidd informasiya olmayıb».
Daha sonra T.Bağırzadə özü çıxış edib. Bildirib ki, bu cür saxta cinayət işləri və bənzər üsullarla onu susduracaqlarını düşünənlər yanılırlar: «Məni Qobustan həbsxanasına saldılar, nə oldu? Mən susdummu? Qobustan artıq mənim üçün tribunaya çevrilib. Mən öz fikirlərimi onsuz da deyirəm».
Vəkili kimi, T.Bağırzadə də deyir ki, başqa məhkumlarda da həmin yaddaş kartlarından olur. Buna görə onun haqqında cinayət işi başlanması isə hakimiyyətin ona münasibətindən irəli gəlir.
T.Bağırzadə çıxışında rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının həbsdə olmayan üzvlərinə qarşı təqib və təhdidlərin olduğunu söyləyib.
Sonda isə ilahiyyatçı məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını istəyib.
Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra şikayətin təmin olunmadığını, Qaradağ Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.
Vəkil F.Namazlı Azadlıq Radiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.