Saxta prezident seçkisində rüsvayçı mənzərələr FOTO VİDE

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Artıq neçəsaatdır ki, səsvermə başlayıb və dərhal çoxsaylı pozuntular başlayıb. Ən müxtəlif mənbələrdən gələn məlumatlar göstərir ki, səsvermə bütün ölkə boyu saxtakarlıq şəraitində keçirilir.

***

***

Ağdaş qeydiyyatı olan şəxslər Bakıda səs verir

Ağdaş qeydiyyatı olan şəxslər Xəzər-Pirallahı Seçki Dairəsinin 18 saylı məntəqəsində səs verir.

Məntəqə sədri Təranə Zeynalova əvvəlcə onların səs vermədiyini deyir.

Lakin BBC-nin müxbirində həmin şəxslərin səsverməsinə dair görüntülərin olduğunu bildikdən sonra cavabı belə olur:

“Onu biz “uje” əlavə seçki siyahısından çıxacağıq.”

***

***

Mərkəzi Seçki Komissiyasının müşahidə kamerasından. Görüntülər 15 saylı Yasamal DSK-nın 9 saylı məntəqəsindəndir.

 

***

Telefondan istifadə qadağandır?

25 saylı Nizami 2-ci seçki dairəsinin müşahidəçisi Vüsal Vəliyev məntəqədə müşahidəçilərin telefonlarının əlindən alındığını deyir:

“Yəqin gördüyümüz qayda pozuntularını lentə almağımızdan çəkinirlər. Düzdür, baş verən bütün qayda pozuntularına nəzarət etmək olmur. Onlar çox, biz təkik. Üstəlik, mən buna cavabdeh deyiləm. Müşahidə vaxtı məntəqə sədri telefondan istifadə etməyə qadağa qoyur. Deyir, telefondan istifadə etmək olmaz. Təbii, mən istifadə etməyə çalışırdım. Hətta bəzi müşahidəçilər seçki başlamamış telefonlarının toplandığını da deyirdilər. Mən telefonumun əlimdən alınmasına etiraz edəndə tək məntəqə sədri yox, digər müşahidəçilər də etiraz edirdi. Maraqlısı budur. Deyirlər, niyə provakasiya yaratmağa çalışırsan? Telefonu ver və heç kimə müsahibə vermə. Təbii ki, bu, psixoloji basqıdır, narahatçılıq yaratmaq üçün edirlər. Hətta məntəqədən getməyimizi istəyirlər”.

***

Valideynlər niyə toplu halda səsverməyə gəlir?

10 saylı Bİnəqədi Seçki Dairəsi, 6 saylı seçki məntəqəsinə baş çəkən BBC-nin müxbiri toplu halda səsverməyə gələn qadınlar görüb.

Müxbir onlara istirahət günü elan edilən bu gündə belə toplu halda gəlmələrinin səbəbini soruşub.

“Hərə öz istəyi ilə gəlib. Toplaşıb deyəndə, bir sinif valideynləriyik də biz. Toplaşıb gəlmişik”, özünü Əliyeva Xədicə kimi təqdim edən qadın bildirib.

Başqa bir qadın da bildirib ki, “valideynləri gözləyirlər”.

***

Politoloq Nəsimi Məmmədli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin bir neçə məntəqəsində gördükləri barədə “Facebook” sosial şəbəkəsində paylaşıb.

O qeyd edib ki, Dairə Seçki Komissiyası 308 saylı məktəbin dəhlizində yerləşir.

N.Məmmədli həmin dairənin 28 və 32 saylı məntəqələrində olduğunu bildirib.

“Saat 09:30-dək hər iki məntəqədə 1 qutu tam dolub, 2 qutu isə dolmaq üzrədir. Rəsmi səs verənlərin sayı hər məntəqədə təqribən 250 nəfərdir. Hər məntəqədə səs vermək üçün təqribən 70-80 nəfər içəridə və çöldə növbə gözləyir.

Məktəbin bütün müəllimləri və əksər valideynlər dəhlizdə və məktəbin önündə toplaşıb. İbtidai sinif müəllimləri sinif otaqlarında valideynlərə hansısa sənədə imza atdırırlar. Səs-küydən qulaq tutulur. Sanki yarmarka keçirilir”.

O bildirib ki, müşahidəçilər elə bir küncdə oturdulub ki, faktiki olaraq prosesdən tam xəbərsizdirlər.

“Nə komissiyanın işini, nə də qutuları görmək imkanına malikdir. Məntəqəyə daxil olan heç kimin sənədləri yoxlanmır. Seçicilərin barmaqlarına mürəkkəb də vurulmur. Əksər şəxslər səsvermə kabinəsindən kənarda birinci sırada olan namizədə işarə qoyaraq çətinliklə qutulara yaxınlaşır və bülleteni ora atırlar”.

Onun sözlərinə görə, ən maraqlı məsələ budur ki bu saatlarda demək olar ki, heç kimi bülletenlərlə doldurulan qutular maraqlandırmır.

“İstənilən zirək adam sakitcə qutuları götürüb məntəqədən çıxa bilər. Yaxınlaşıb rahatlıqla qutuları sağa-sola çevirdim, amma heç kim yaxınlaşıb demədi ki, nə edirsən? Yəni hamının başı çox möhkəm qarışıqdır. Maraqlananlar üçün yüzlərlə şəkillər çəkmişəm, sərbəst vaxtım olanda paylaşacam. Belə davam etsə bu məntəqələrdə seçici fəallığı 150 faiz olacaq. Əgər bunları durduran olmasa günortaya kimi komissiyada bülleten qalmayacaq. Çox hərarətli növbə yaranıb, xəsarət alan olmasa yaxşıdır”.

O hesab edir ki, seçkini bu şəkildə təşkil edənlər hakimiyyətə əslində çox böyük pislik edirlər.

“Əgər burada ciddi beynəlxalq müşahidəçilər olsa, onların nə rəy verəcəyi artıq məlumdur”.

Nəsimi Məmmədli sözlərinə sübut olaraq gördüyü mənzərədən çəkdiyi bir neçə fotonu da paylaşıb.

 

***

Məntəqələrdə jurnalistlərə əngəllər yaradılır

Seçkidə təkcə müşahidəçilərə yox, prosesi işıqlandırmağa çalışan jurnalistlərə qarşı da əngəllər yaradılır.

Müstəqil jurnalist Sevinc Vaqifqızı deyir ki, Nizami 16 saylı Nizami rayon seçki dairəsinin 14-cü məntəqəsində ona işini görməyə maneə yaradıblar:

“Bir müşahidəçi və bir seçici etiraz etdi ki, biz istəmirik bu məntəqədə çəkiliş aparasız. Bu hüququ mənə onların vermədiyini və istədikləri kimi ala bilməyəcəklərini dedim. Seçki Məcəlləsinə görə istədiyim məntəqədə çəkiliş apara bilərəm. Sonra bir neçə nəfəri öyrədib barəmdə akt yazdırdılar. Guya məntəqədə səs-küy salmışam. Bildirdim ki, aktı yarımçıq yazmısız, çəkilişə mane olduğunuzu da əlavə edin. Ancaq bundan sonra məntəqə sədri çəkiliş etməmə izin verdi”.

“Reuters” agentliyinin əməkdaşı Nailə Balayeva isə deyir ki, 23 saylı Səbail-Nəsimi seçki dairəsinin 19 saylı məntəqəsinin sədri Orxan Pəhləvan oğlu Musayev onun qarşısını kəsərək məntəqədə çəkiliş etmənin qadağan olduğunu bildirib:

“Ona Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun belə bir qadağa qoymadığını söylədim. Deyir, yox, Abdulla müəllim deyib ki, olmaz. Cəhd etsəm də, Abdulla müəllimin vəzifəsini müəyyənləşdirə bilmədim. Yaxın məntəqələrdə mənə oxşar problem yaratmadılar. Əminəm ki, həmin şəxsə də belə göstəriş verən olmayıb. Sadəcə şəxsi təşəbbüsünü icra edib. Bizim hakimiyyətə heç müxalifət lazım deyil. Belələrinin olması kifayətdir”.

Müstəqil jurnalist Xəyalə Ağayeva isə 25 saylı Nizami 2-ci seçki dairəsində fiziki təzyiqə məruz qalıb. Çəkiliş apararkən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib.

Jurnalist buna etiraz etdiyi zaman həmin şəxs “dedim yeri get, sənə ancaq belə lazımdır” – deyib, onu bayıra doğru sürüyüb.

***

Jurnalisti seçki məntəqəsindən zor gücü ilə çıxardılar

Jurnalistə 25 saylı Nizami 2-ci seçki dairəsində çəkiliş apararkən fiziki təzyiq edilib. Müstəqil jurnalist Xəyalə Ağayeva seçki gedişatını izləyərkən özünü təqdim etməyən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib.

Jurnalist buna etiraz etdiyi zaman həmin şəxs “dedim, yeri get, sənə ancaq belə lazımdır” – deyib, onu qolundan tutub zorla çölə çıxarır.

Hadisədən öncə isə jurnalist məntəqə sədrindən müsahibə alır, bu saatadək nə qədər seçicinin gəldiyini sual edir. O isə cavabında “son 1 saat 20 dəqiqədir ki, aktivlik artıb, gələnlərin ardı-arası kəsilmir” söyləyir.

Daha sonra sayı dəqiqləşdirmək üçün jurnalisti digər otağa aparır. Buradakılar isə hələlik, sayla bağlı məlumatlarının olmadığını söyləyirlər.

“Hələlik, məlumat yoxdur. Gözləyək, bir saat da keçsin gələrsiz, mən özüm sizə məlumat verəcəyəm”.

Daha sonra bir nəfər jurnalistin qolundan tutaraq, onu çölə çıxarmağa çalışır.

***

“Olu belə şeylər”

Rəşad Əmirgünayev adlı vətəndaş 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı məntəqəsinə gələrək səs vermək istəyərkən artıq adının qarşısında imza olduğunu görüb. Bunun necə baş verdiyini soruşduqda çox maraqlı cavabla qarşılaşıb:

“Getmişəm 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsinə. Adımın qarşısında şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi. Soruşdum ki, mənim adımın qarşısına imza atıblar? Əvəzində “olur belə şeylər” cavabını aldım”.

***

Seçki pozuntusu: eyni seçici iki dəfə səs verir

17 saylı Yasamal III Seçki Dairəsinin 14 və 18 saylı seçki məntəqələrində eyni seçicilər təkrar səs verirlər.


***

Qutuya birdən artıq bülleten atır

15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində seçicinin qutuya birdən artıq bülleten atması görünür. Mənbə: Mərkəzi Seçki Komissiyasının müşahidə kamerası.

Məntəqə seçki komissiyası təkzib edir

15 saylı Yasamal 1-ci Seçki Dairəsinin 2 saylı məntəqəsində seçicinin qutuya birdən artıq bülleten atması ilə bağlı şikayətə münasibət bildirilib.

Həmin məntəqə seçki komissiyasından «Turan» agentliyinə bildiriblər ki, onların məntəqəsində bir seçicinin birdən artıq bülleteni qutuya atması halı baş verməyib.

***

Məntəqədə kameranın önü bağlanır

57 saylı Kürdəmir Seçki Dairəsinin 2 saylı məntəqəsində məntəqə üzvləri kameranın qarşısını bağlayır və açır, bir neçə saniyə ərzində izləməni mümkünsüz edir.

***

17 saylı Yasamal seçki dairəsinin 5,6 və 7-ci məntəqəsində müşahidəçilik edən gənc fəal Əli Zeynal məntəqəni tərk etmək məcburiyyətində qaldığını bildirib. Onun sözlərinə görə, buna səbəb komissiya üzvləri tərəfindən ona qarşı olan sərt münasibətdir.

“Qalsaydım, döyüləcəkdim”, – deyə, Əli Zeynal bildirib.

***

15 saylı Yasamal seçki dairəsinin 27-ci məntəqəsində qeydiyyatdan olan seçicilərin sayından iki dəfə çox bülleten gətiriblər. Bu barədə jurnalist Gülzar Məmmədli məlumat verib:

“664 nəfərin qeydiyatda olduğu məntəqəyə 1202 bülleten gətiriblər. Əlavə adamların sayı 50 civarıdır. Qanunvericiliyə görə korlanma ehdimalı olan bülletenləri də nəzərə alıb, siyahıdakı saydan əlavə bir neçə bülleten götürə bilərlər amma ikiqat yox”.

***

Seçici əvvəlcə 9 saylı Binəqədi seçki dairəsinin 14-cü məntəqəsində, daha sonra isə eyni dairənin 13-cü məntəqəsində səs verir.

Birinci seçki məntəqəsində səsvermə kabinəsinin pərdəsi mavi, digərində isə qırmızıdır. Hətta seçici bülleteni alandan sonra birbaşa qutuya atmaq istəyir.

Sonra yadına salınır ki, birinci işarələmək lazımdır.

Meydan TV əməkdaşı bildirir ki, seçiciyə verilən bülleten işarələndiyi üçün o, formal olsa belə seçim etmək istəmir.

“Biz ona bayaq digər seçki məntəqəsində səs verdiyini desək də, boynuna almır”.

***

Fotoreportyor məntəqəyə buraxılmayıb

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi, 2 saylı seçki məntəqəsində “Turan” agentliyinin əməkdaşına foto çəkməyə icazə verilmədiyi bildirilir.

Agentliyin xəbərində bildirilir ki, 46 saylı məktəbdə yerləşən məntəqədə əməkdaşları seçki prosesinin gedişini izləmək, foto çəkmək istəsə də, buna icazə verilməyib.

Səbəb kimi isə bu şəxsin Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmədiyi göstərilib:

“Ona görə də belə fotoreportyorların məntəqələrə daxil olmaq və ya çəkiliş aparmaq hüquqları yoxdur”.

Məsələyə MSK-dan münasibət almaq mümkün olmayıb.

***

“İdarədən tələb ediblər”

BBC-nin müxbiri 11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsində bu kağıza möhür vurulduğunu görüb.

“Məntəqə-seçki komissiyası bu kağıza möhür vurdu ki, həqiqətən bu adam gəlib seçkidə iştirak edir”, müxbir izah edir.

Məntəqə sədri deyib ki, burada heç bir problem yoxdur.

***

45 saylı seçki dairəsi, 5 saylı seçki məntəqəsində olan BBC-nin müxbiri deyir ki, müşahidəçilərin qarşısında qeydiyyat üçün ləvazimat yoxdur.

Müşahidəçilər “nə qədər seçici gəlib?” sualına “Biz bilmirik, məntəqə sədri qeydiyyat aparır” deyə cavab veriblər.

***

“Məntəqə sədri bizi bir şərtlə içəri buraxıb ki, oturduğunuz yerdən durmamalısınız”.

Bərdənin Kolayır kəndindəki 94 saylı dairənin 37 saylı məntəqəsində olan müşahidəçilər belə yazır. Bildirirlər ki, məntəqə sədri onları həbslə hədələyir:

“Normal müşahidə aparmağımıza imkan verməməsi azmış kimi hələ bir həbslə də hədələyir. Deyir, baxın ha, mən çox adam tutdurmuşam, sizi də onların yanına göndərərəm. Yaxşısı budur məntəqəni öz xoşunuzla tərk edin. Ya da adam kimi müşahidə aparın. Oturun-oturduğunuz yerdə. Elə bil məktəbliyik, bizi yerimizdə otuzdurur, utanmasa” əllərinizi də partanın üstünə qoyun” deyəcək. Belə də müşahidə aparmaq olar?”

***

“Pambıq işçilərini də göndərirlər səsverməyə. 2 kamaz dolusu insandır. O məntəqə, bu məntəqə gəzir, səs verirlər”.

Yasamal rayonunda 17-ci seçki dairəsinin 7 saylı məntəqəsində də topa bülleten atılması halı müşahidə olunub. Gənc fəal Əli Zeynalın yazdığına görə, adama 3-4 bülleten atmağa başlayıblar:

“Təkcə özümün gördüyüm 2 nəfər topa bülleten atıb. Onlardan biri müşahidəçidir. Məntəqədə kamera da yoxdur deyə hamı çox rahatdır. Real müşahidə edən də təkcə mənəm”.

***

Qoy bunları da atsın daha atmayacaq

54 saylı Şabran seçki dairəsinin 13-cü məntəqəsində müşahidə aparan gənc fəal Ömər Məmmədov bildirib ki, topa bülleten atılarkən əngəl olmağa çalışsa da, məntəqə sədri müdaxilə edərək buna imkan verməyib:

“Artıq 1 saatdır seçki başlayıb 10 adam topa bülleten atıb. 1 saat içində elə şeylər gördüm ki, əsl mənəvi terrordur. Hələ sonuncuda xalanın əlində topa bülleten tutdum sədrə deyirəm ki, əlində 10 bülleten var. Sədr deyir qoy bunları atsın daha atmayacaq. Elə bil bağça uşağıdır. Dirəşəndə də polis çağırır. Artıq 2 dəfə polis çağırıb. Dilimin şirinliyi olmasaydı çoxdan qovalamışdılar.”

***

“Bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı”, BBC-nin müxbiri 45 saylı dairənin 3 saylı məntəqəsindəki müşahidələrini deyir.

Müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.

***

BBC-nin müxbiri Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsində başı kəsilmiş halda bir topa bülleten görüb.

Məntəqə sədri Aidə Aslanova bunu “seçicilərin çox gəldiyi üçün əvvəldən hazırlandığı” ilə izah edib.

Müxbirin sualından sonra bu topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.

Bundan başqa, bir seçici barmağına mürəkkəb vurulmasını istəməyib. Məntəqə sədri bildirib ki, belə halda həmin seçiciyə bülleten verilə bilməz.

***

31 saylı Suraxanı seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan BBC-nin müxbiri Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb.

Müxbirin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib.

“Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur”, deyən müxbir qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin “hələlik heç bir problem olmadığını” deyiblər.

***

Tapşırıq belədir, səbəbini biz də bilmirik

“Müşahidəçi olduğum seçki məntəqəsində seçki qutularının bəziləri şəffaf deyil”.

Seçkilərdə müşahidəçilik edən fəal Əli Zeynal belə deyir. O, Bakının Yasamal rayonunda 17-ci seçki dairəsinin 5, 6, 7-ci məntəqələrində müşahidəçidir. Məntəqə 52 saylı məktəbdədir.

Ə. Zeynal deyir ki, əvvəlcə qutuların üstündə nömrələr və gerblər də vardı. Məntəqə sədrinə gələn zəngdən sonra söküldü:

“Sədrdən bunun səbəbini soruşdum. “Tapşırıq belədir, səbəbini biz də bilmirik. Sadəcə sökün dedilər, sökdük” – cavabını verdi”.

Müşahidəçi onu da bildirir ki, məntəqədəki qutuların bəziləri şəffaf olsa da bəziləri tünd rənglidir:

“Niyə fərqlidir? – deyə verdiyim suala isə məntəqə sədri “get dövlətdən soruş, bilmirəm” – cavabını verdi”.

 ***

73 saylı Lənkəran şəhər seçki dairəsinin 3 saylı məntəqəsi

Seçici bir dəstə şəxsiyyət vərəqəsi ilə səs verməyə gəlib.

17 saylı Yasamal 3-cü, 25 saylı məntəqədə BBC-nin müxbiri burada hazır kəsilmiş bülleten verildiyini görüb.

Məntəqə nəzarətçisi bunu “bir neçə bülleteni kəsərək hazır saxladığı” ilə izah edib.

Müşahidəçi vəsiqəmiz olmasına baxmayaraq, məntəqə açılan kimi içəriyə buraxılmadıq”.

Meydan TV-yə 57 saylı Hacıqabul -Kürdəmir seçki dairəsində müşahidəçi kimi iştirak etmək istəyənlər yazıblar. Bildiriblər ki, məntəqə səhər saat 7-də açılıb, ancaq onlara “gedin, 8-dən sonra gələrsiniz”, – deyiblər:

“Bizi içəri buraxmamaq üçün min bir cür bəhanə gətirdilər. Axırda da dedilər ki, bütün müşahidəçilər məntəqəyə gələndən sonra siz də içəri buraxılacaqsınız. Orxan adlı müşahidəçi 8-dən sonra içəri buraxılıb. Sonra da qalanlarına izin verilib. İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?”

Kürdəmir sakinləri onu da bildirirlər ki, dünəndən rayonun büdcədən maliyyələşən bütün təşkilatlarının işçilərinə bu gün İlham Əliyevə səs vermək üçün məntəqələrə gəlmək tələb edilib.