Qadının ağzı lentlə bağlı olub
Fevralın 24-də Tovuz şəhərində baş verən yanğında meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.
APA hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən yazır ki, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.
Bildirilir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
P.Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.
Yanğın hadisəsi ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib.
Faktla bağlı araşdırma aparılır.