Hökumətin Stalin sevgisi

Azərbaycan ziyalısının ruhunu incidib, diktatorun ruhuna sayğı göstərmək

Hamımız bilməliyik ki, Azərbaycan müstəqil dövlət olsa da onu idarə edənlər müstəqil deyil. YAP hakimiyyəti dövlət maraqlarından öncə Rusiyanın maraqlarını güdür, Kremldən gələn “məsləhət”lə hərəkət edir. Məsələn, bugünlərdə ölkə başçısı YAP-ın qurultayında çıxış etdi, tarixi torpaqlarımza qayıtmaqdan danışdı, İrəvana qədər irəliləməyə cəhd göstərdi. Amma dərhal Rusiyadan barmaq silkələdilər və XİN-in sözçüsü izahat verdi, ölkə başçısının fikirlərinin düzgün anlaşılmadığını sübut etməyə çalışdı. Halbuki, müstəqil hökumət Rusiyadan gələn ultimatuma adekvat cavab verməli, daha israrlı mövqe sərgiləməliydi.  Amma yuxarıda da qeyd etdiyimiz kimi YAP hökuməti belə bir qətiyyətə malik deyil və dövlətin qüruru haqqında düşünmür.

Son başverənlər isə vəziyyətin daha rüsvayçı olduğunu sübuta yetirir. Bu hökumət nəinki Qarabağ məsələsində müstəqil siyasət yürüdə bilmir, hətta Satalinin adıyla bağlı olan filmin nümayişinə də imkan yaratmaqdan qorxur. Bildiyiniz kimi  Böyük Britaniyanın istehsalı olan “Stalinin ölümü” kinokomediyasına Rusiyada qadağa qoyulub və bu məsələ geniş müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, film Belarusda, Ermənistanda, Qazaxıstanda qadağan olunmayıb. Amma  Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi filmin yayımını məqsədəuyğun hesab etməyib. “CinemaPlus”un direktoru Cəfər Axundzadə Meydan TV-yə deyib ki, onlar filmin Azərbaycanda nümayişi üçün bütün qanuni imkanlardan istifadə ediblər. Filmin Azərbaycanda nümayişi üçün müqaviləsi var, bütün sənədlər toplanıb yayım icazəsi alınması üçün nazirliyə təqdim edilib. Amma icazə verilməyib və belə izah olunub ki, filmdə Böyük Vətən Müharibəsinin iştirakçıları, marşal Jukov bir az ələ salınıb. Yəni, izah etməyə çalışıblar ki, bu bizim tariximizdir, bu filmin nümayişi həlak olanlara təhqirdi və.s

Göründüyü kimi, bizim əzəmətli hökumətimz Stalinin, Jukovun ruhunu narahat etmək istəmir. Amma Stalinin əmriylə sürgün olunan, edam olunan, külliyyatı məhv edilən ziyalıların ruhu hökuməti narahat etmir. Ölkənin işıqlı adamlarını məhv edənlərin tənqid edilməsinə razı olmurlar.

Əvvəla ona görə ki, bugün Azərbyacanda eyni siyasət davam etdirilir. Ölkənin işıqlı, vətənpərvər, ləyaqətli insanları şərlənərək həbs olunur, xalqa divan tutanlar is’ “Şərəf”, “Şöhrət” ordeni alır.

İkincisi, Rusiyada filimn nümayişi qadağan edildiyinə görə Azərbaycan hökuməti də “böyük qardaş”ın prinsiplərindən çıxış edir. Amma Rusiya Azərbyacanın 20 faiz ərazisini işğal edən Ermənistandan atalıq qayğısını əsirgəmir və bunu açıq şəkildə Azərbaycan hökumətinin başına çırpır.

Amma bütün bunlara baxmayaraq, YAP hökuməti Stalinin ruhunu şad etməkdə israrlıdır. Minlərlə Azərbaycan vətəndaşının məhv edilməsi adi qurbandı, Jukovun tənqid olunması isə yolverilməzdir.  Siyasi və mənəvi bağlılıq bu təəssübkeşliyin əsas səbəbidir.  Təbii ki, həmin film hansısa demokratik imicə malik olan bir şəxsiyyətlə bağlı olsaydı, çəkiliş heyəti AzTv-nin qonağı olacaqdı.

Müxtəsər, Stalin YAP hökuməti üçün həmişə diridi. Ona görə də “Stalinin ölümü” adlı filmə qadağa qoyublar.