Cəmil Həsənli İ.Əliyevə dəstək verən din adamlarına cavab verib

Heydər Əliyevə qədər Azərbaycana rəhbərlik edənlərdən heç biri xalqa ölülərini dini qaydada dəfn etməyi qadağan etməmişdi

Milli Şura sədri Cəmil Həsənli son günlərdə ziyalı və din adamları adından İlham Əliyevin dəstək çağırışlarına bəraət qazandırmaq üçün istifadə olunan bir iddiaya faktlarla, tutarlı cavab verib. C.Həsənli feysbuk səhifəsində yazıb:

– Son vaxtlar yaradıcılıq birlikləri və ruhani idarəsinin aktiv şəkildə İlham Əliyevin seçki kampaniyasına qoşulması cəmiyyətdə çoxlu müzakirələr doğurdu. Müzakirələrin gedişində ziyalılarımız və din xadimlərimiz öz hərəkətlərini Heydər Əliyev və İlham Əliyevin Azərbaycan mədəniyyətinə, ziyalılara, islam dininə qayğısı ilə izah etməyə çalışır və onları tənqid edənlərə belə bir sual ünvanlayırlar: Bir il hakimiyyətdə oldunuz, Azərbaycan mədəniyyəti üçün nə etdiniz, ziyalılara hansı diqqəti göstərdiniz?
Görünür bu məsələdə bəzi məqamları yada salmağa bir balaca ehtiyac vardır.

Birincisi, kommunistlər dövlət xəzinəsinə süpürgə çəkib boş bir kassa qoymuşdular Xalq Cəbhəsi hakimiyyətinə. Üstəlik, ölkədə hərbi əməliyyatlar gedirdi və Azərbaycan orudusu Xangəndinin 7 kilometrliyində döyüşlər aparırdı. Bu obyektiv səbəblər.

Mədəniyyətə “qayğı” – kitabları məhv etmək

İkincisi, Heydər Əliyevin mədəniyyətə qayğısından ağız dolusu danışanlar yəqin ki, Rəsul Rzanın baş redaktorluğu ilə nəşr edilmiş milli maraqları özündə əks etdirən Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin 20 min tirajını kitab satış dükanlarından yığışdırıb mətbədə doğratdırmasın bir az tez unudublar. Kitab məhv etmək, kitab yandırmaq bax belə olur, bütün tirajı birdən. Ensiklopediyanı tarixi, milli, siyasi, mənəvi baxımdan Azərbaycan xalqının maraqlarına uyğun hazırlatdığı üçün bilavasitə Heydər Əliyevin göstərişi ilə 1975-ci ilin oktyabr ayının 24-də Azərbaycan KP MK Bürosu “Azərbaycan Sovet Ensiklopediyasının işində ciddi nöqsanlar haqqında” 23 səhifəlik qərar qəbul etdi və bu qərarda Xalq Şairi Rəsul Rza millətçilikdə, Azərbaycan xalqının keçmişini vəsf etməkdə, Ararat dağını həm də Ağrı dağı kimi verməkdə, milli burjuaziyaya rəğbət göstərməkdə, kommunist ideologiyasını təhrif etməkdə, beynəlmiləlçiliyin əleyhinə olaraq qonşu Ermənistan və Gürcüstanda dəyişdirilmiş yer adlarının əski yazılışını verməkdə, Baş redaksiya üçün ayrılmış vəsaitləri havaya sovurmaqda, milli özünəvurğunluqda ittiham edilib vəzifəsindən çıxarıldı. (Bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi, fond 1, siyahı 62, iş 96, vərəq 61-84, Protokol № 139, bənd 5). Bax buna deyərlər ziyalıya və milli mədəniyyətə “qayğı”!

İslam dini ilə mübarizə ona qayğı deməkdirmi?

Dinə gəldikdə müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş nə Nərimanov, nə Sergey Kirov, nə Əliheydər Qarayev və Levon Mirzəyan, nə Ruben, nə Qikalo, nə Polonski, nə Mircəfər Bağırov, nə İmam Mustafayev, nə Vəli Axundov Azərbaycan ziyalılarına, Azərbaycan xalqına öz ölülərini dini qaydada, molla ilə dəfn etməyi qadağan etməmişdi. Bu işin də bünövrəsi bu gün islama qayğısından din adamlarımızın ağız dolusu danışdığı Heydər Əliyev qoydu. Respublika rəhbərliyinə gəldikdən sonra o, dedi: “Bəzi kommunistlər, məsul işçilər, ziyalı nümayəndələri öz yaxın adamlarının dəfnini dini qaydalarla təşkil edir, belə mərasimlərdə iştirak edir və bunu “xalq” adətinə ehtiram sayırlar. Bu cür “izahaat” həmin kommunistlərin partiyalılıq hissini itirdiklərini göstərir. Həmin yoldaşlar əslində ruhanilərin və cəmiyyətə zidd ünsürlərin fəaliyyətini təqdir edir, öz ömrünü çoxdan başa vurmuş dini adət və ənənələrin dirçəlməsinə kömək göstərmiş olurlar.” (Bax: Kommunist qəzeti, 2 noyabr 1971-ci il).

Şaumyana heykəli heç erməni də qoymamışdı, Əliyev qoydu

Mədəniyyət abidələrinə gəldikdə müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş nə Nərimanov, nə Sergey Kirov, nə Əliheydər Qarayev və Levon Mirzəyan, nə Ruben, nə Qikalo, nə Polonski, nə Mircəfər Bağırov, nə İmam Mustafayev, nə Vəli Axundov 1918-ci ilin mart soyqrımını törətmiş Stepan Şaumyana sovet hakimiyyətinin 50 ilə yaxın bir dövründə respublikanın paytaxtında ayrıca heykəl qoymağa özlərinə icazə vermədilər. Bu işi də 1978-ci ildə Heydər Əliyev etməli oldu. İlham Əliyevin ziyalılara qayğısı ilə bağlı təkcə bir faktı xatırlatmaqla məsələnin birinci tərəfini yekunlaşdırmalı olacağam. İlham Əliyev 2005-ci ildə uzun müddət Azərbaycan Elmlər Akademiyasına prezidentlik etmiş Eldar Salayevi həbsə göndərdi. Təkcə bu fakt onun ziyalıya “qayğısının” aydın bir ifadəsi idi. Döğrudur indiki zamanəmizdə bütün bunları xatırlamaq adamın “ziyalılığına” dəlalət etmir, amma əlahəzrət faktdan qaçmaq mümkün deyil. Bəlkə, çox kiçik epizodlarını xatırlatdığımız bu şeylər olmayıb? Kimin etirazı varsa buyursun!

Elçibəy hökuməti mədəniyyətimiz və ziyalılar üçün nələr etdi?

İndi keçək məsələnin ikinci hissəsinə: Bir il hakimiyyətdə oldunuz, Azərbaycan mədəniyyəti, Azərbaycan ziyalıları üçün nə etdiniz?

– 1992-1993-cü illərdə, Qarabağ cəbhəsində hərbi əməliyyatların getdiyi bir dövrdə Azərbaycan mədəniyyəti və ədəbiyyatının iki möhtəşəm simasının – Şah İsmayıl Xətai və Hüseyn Cavidin Bakı şəhərində möhtəşəm abidələri qoyuldu. Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində qoyulacaq abidəsi üçün tanınmış heykəltəraş Ömər Eldarova dövlət sifarişi verildi. Bəlkə bunların Azərbaycan mədəniyyətinə dəxli yoxdur?

– Müharibənin odu – alovu içərisində böyük bəstəkar Qara Qarayevin anadan olmasının 65 illiyi dövlət səviyyəsində qeyd edildi. Böyük sənət adamı Toğrul Nərimanbəyova dövlət tərəfindən İçəri şəhərdə geniş emalatxana verildi. Xalq Cəbhəsi hakimiyyəti tərəfindən edildiyi üçün bunları da mədəniyyət hadisəsi saymaya bilərsiniz.

– Azərbaycan ədəbiyyatının iki tanınmış nümayəndəsinə – Xəlil Rzaya Xalq Şairi, böyük yazıçı Sabir Əhmədova Xalq Yazıçısı Fəxri adları verildi (Onların hər ikisi torpaqlarımızın azadlığı uğrunda övladların ŞƏHİD vermişdilər). Bəlkə bu böyük mübarizə və qələm adamlarını yazıçı hesab etmirsiniz?

– Azərbaycan səhnəsinin üç tanınmış sənətkarına Flora Kərimovaya, Afaq Bəşirqızına və Qədir Rüstəmova Xalq Artisti, bəstəkar Cavanşir Quliyevə Əməkdar İncəsənət Xadimi Fəxri adları verildi. Təkrarsız müğənni Akif İslamzadə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəhbəri təyin edildi. Bəlkə kimsə bu adamların böyük sənətkar olmalarına şübhə edir?

– Azərbaycan elminin Süleyman Əliyarlı, Vasim Məmmədəliyev və Ələsgər Qasımov (yadımda qalan bunlardır) kimi tanınmış nümayəndələrinə Əməkdar Elm Xadimi adı verildi, sonuncunun mənzil şəraiti yaxşılaşdırıldı. Bəlkə bu adamların ziyalı olmasına kiminsə şübhəsi var?

– Tanınmış alim və məşhur həkim Əhliman Əmiraslanov Moskva Onkologiya institutundan Bakıya dəvət edilib Tibb institutuna rektor təyin edildi. Qorxmaz Quliyev kimi istedadlı alim, təmiz ziyalı Dillər İnstitutunun rəhbərliyinə gətirildi.

– Azərbaycan Yazıçılar İttifaqının 5 nəfər üzvünə yüksək dövlət vəzifələr verildi: professor Kamil Vəli Nərimanoğlu Baş nazirin mədəniyyət məsələləri üzrə müavini, professor Tofiq Hacıyev Maarif naziri, şair Sabir Rüstəmxanlı Mətbuat və İnformasiya naziri, şair Məmməd İsmayıl Televiziya və Radio Verilişləri Komitəsinin sədri, professor Firudin Cəlilov Təhsil Naziri. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaranandan sonra onun 84 illik tarixində elə bir dövr olmayıb ki, ittifaqın bu qədər üzvü 1992-1993-cü illərdə olduğu kimi yüksək dövlət vəzifələrinə irəli çəkilsin.

– Bundan başqa, əvvəlki dövrdən Mədəniyyət naziri işləyən Polad Bülbüloğlu, 1987-ci ildə Yazıçılar İttifaqının sədri seçilmiş tanınmış yazıçı Anar Rzayev, Konservatoriyanın rektoru işləyən böyük sənət adamı Fərhad Bədəlbəli, Rəssamlar İttifaqının sədri işləyən gənc rəssam Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri işləyən məşhur bəstəkar Vasif Adıgözəlov 1992-1993-cü illərdə də öz vəzifələrində işləyiblər və heç kim onlardan hakimiyyəti tərifləməyi tələb etməyib və heç kim onları tutduqları vəzifədən azad edib yerlərinə matros təyin etməyib. Heç son müşavirədə çıxış edən istedadlı aktyor Hacı İsmayılov da həmin illərdə işsiz qalmayıb, bütün çətinliklərə baxmayaraq 1992-ci ildə o, tammetrajlı “777 № li iş”, 1993-cü ildə isə “Fəryad” filmlərində çəkilib.

Həmin bir il ərzində ziyalılardan kim müraciət edibsə, Əbülfəz bəy hamısını qəbul edib. Nümunə kimi böyük sənət korifeylərindən olan Zeynəb xanım Xanlarovanın “Səs” qəzetinin müxbiri ilə müsahibəsinə diqqət yetirmək yetərlidir:

“- Yeri gəlmişkən, Əbülfəz Elçibəylə görüşürsünüzmü?
– Bəli.
– Nə vaxt?
– Bu yaxınlarda, bir ay olmaz.
– Nə münasibətlə?
– Məişət zəminində bir-iki məsələ vardı.
– Sizi necə qarşıladı?
– Çox böyük hörmətlə.
– İşinizi həll etdimi?
– Əlbəttə. Axı mən Zeynəb Xanlarovayam, dünyaya Azərbaycanı az tanıtmamışam.
– Əbülfəz Elçibəy sizə necə təsir bağışladı? Əvvəl tanışlığınız vardımı?
– İmam kimi! Doğurdan da, deyilmişkən vardır: təmiz adamdır, tərbiyəli kişidir. Əvvəllər sessiyada görüşmüşdük, münasibətlərimiz «salaməleyk»dən ibarət olub. O, hamı ilə ədəblə, nəzakətlə görüşürdü.”

Bax beləcə, bütün bunlar bir il hakimiyyətdə oldunuz, Azərbaycan mədəniyyəti, ziyalılar üçün nə etdiniz? – Sualına eksklüziv bir xatırlatmadır.