Onlar Gözəl Bayramlıya məğlub oldular.

Nəsimi Məmmədli

Ölkəmiz sürətlə vicdanlı və ləyaqətli insanların daha çox əzildiyi, sınağa çəkildiyi, xəcalət çəkdiyi məmləkətə çevrilir. Onsuz da hüquqsuzluq mühitindən təngə gələn bütün dəyərli insanlar bu ləyaqətsiz yükü daşımaqdan usanıb. Kimisi fəal etiraz edib zindanı seçir, kimisi ölkəni birdəfəlik tərk edir, kimisi “ürəyinin yağını yeyərək” acı içərisində yaşayır, kimisi də ya çərləyib ölür, ya da intihar edir…

Məmləkətimizdə halından məmnun olanlar da az deyil. Kiminsə bu durumda məmnuniyyətinə paxıllıq və ya rişxənd etmək niyyətim yoxdur. Hər kəs öz ömrünü seçdiyi dəyərlərə uyğun yaşamaqda azaddır. Özləri bilər… Ancaq dövlət vətəndaşın hüquq və azdlıqlarını özündə etiva edən dəyərləri qorumağa, təmin etməyə mükəlləfdir. Dövlət kimsəyə minnət qoymadan bu vəzifəsini qüsursuz yerinə yetirməlidir. Əks halda nə dövlət dövlətdir, nə də onun vətəndaşları vətəndaşdır!

Mütəmadi olaraq hökuməti tənqid edən yüzlərlə mübariz insan qondarma ittihamlarla həbs edilir və təəssüf ki bu tendensiya yüksələn xətlə davam etməkdədir. Təqsirsiz insanların azadlıqdan məhrum edilməsinin cəmiyyət üzərində mənfi təsirlərini istisna etməsək də, müşahidələr göstərir ki, bu basqılar mübariz insanları öz yolundan çəkindirmir. Əksinə yeni-yeni insanları mübarizəyə səfərbər edir.

Bu gün Qazax rayon Məhkəməsinin hakimi Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə heç bir təqsiri olmayan tanınmış qadın siyasətçi, AXCP sədrinin müavini Gozel Bayramli 3 il müddətinə azadlıqdan məhrum edildi. Onun həbsi cəmiyyətin bütün vicdanlı insanlarında hiddət və ciddi narahatlıq doğurub.

Əllərindəki hüdudsuz səlahiyyətlərdən yalnız rəqiblərini susdurmaq üçün “məharətlə” istifadə edən idarəçilər köməksiz duruma saldıqları Gözəl xanıma məğlub oldular.