Rusiyanın qarşısında susub, Fransa qarşısında tələb qoymaq
Azərbaycan hakimiyyəti daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də “xaric” oxuyur. Bütün təbliğatın, bütün fəaliyyətin arxasında qeyri-səmimilik, imitasiya dayanır.
Bugünlərdə Xarici işlər nazir Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın Avropa və Xarici Işlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuenlə görüşüb. Məlumata görə görüşdə Qarabağ məsələsinə də toxunulub və Elmar Məmmədyarov qətiyyətli fikirlər səsləndirib. Belə ki, Elmar Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.
Görüşdə səsləndirilən bu fikirləri hökumət mətbuatı Fransa qarşısında şərh qoyulması, tələb irəli sürülməsi kimi təqdim ediblər.
Əlbəttə, qondarma rejimlə əlaqələr qurulmasına etiraz etmək, bunu başqa dövlətlər qarşısında şərt kimi irəli sürmək lazımdır və bu bizim haqqımızdır. Amma regionda baş verənlərə diqqət yetirəndə Azərbaycan hökumətinin bu “cəsarətl iaddım”ı qeyri-səmimi görünür. Çünki gözümüznü qarşısında Rusiya Ermənistanı bəsləyir, işğalçıya maddi, mənəvi, siyasi dəstək verir və bunu açıq şəkildə bəyan edir. Hətta Ermənistanla qoşularını birləşdirir, Ermənistanı Qafqazda ən yaxın müəttəfiqi kimi təqdim edir, Rusiyanın dövlət başçısı qondarma erməni soyqırımı abidəsini ziyarət edir və.s
Amma bütün bunlara Azərbaycan hakimiyyəti səssiz qalır və Rusiyanın dünyada sabitləşdirici faktor olduğunu təbliğ edir. Fransa qarşısında tələb qoyan hökumət, Rusiya qarşısında susmağa üstünlük verir.
Bu necə milli maraqdır ki, Avropa ölkəsinə güzəştə getmir, Rusiyaya idə bütün ermənipərəst addımları güzəştə gedir? Təkcə bu fakt göstərir ki, hökumətin heç vaxt “Qarabağ boyda dərd”i olmayıb. Həmişə öz maraqlarının dərdin çəkiblər. Bəli, Ermənistanı su yolu edənlərin arxasınca su atıb, Qarabağa səfər edənlərə xəbardarlıq etmək ikrah hissi yaradır. Başqa vaxt balanslı siyasətdən dəm vuranlar, bu məsələdə balansı dəfn ediblər. Məhz belə yanaşmaya görə Qarabağ danışıqları 25 ildir ki, məğlubiyyət rekordu vurur
Samir