“Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiyalar amansızlıqla davam etdirilir”

“Belə qərarlar məni yolumdan döndərə bilməz”, – – keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin bu gün onun haqqında çıxardığı qərara belə münasibət bildirib.

Yanvarın 16-da Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə Əli İnsanovun cəzasının daha 7 il artırılması məsələsindən verilmiş kassasiya şikayətinə baxılıb.

Əli İnsanov məhkəmədə iştirakdan imtina etdiyindən, onun şikayətinə özü olmadan baxılıb. Yeri gəlmişkən, bu işə Bakı Apellyasiya Məhkəməsində baxılanda da keçmiş nazir eyni cür davranmışdı. O, həmin vaxt saxlandığı Kürdəxanı təcridxanasından məhkəməyə məktub göndərmişdi ki, prosesdə iştirak eləmək istəmir.

Bu gün Ali Məhkəmədə keçmiş nazirin vəkili Toğrul Babayev çıxış edərək bildirib ki, kassasiya şikayətində göstərilən dəlilləri müdafiə edir. Şikayətdə yazılıb ki, Ə.İnsanova verilən ittihamlar saxtadır, o, cəzaçəkmə müəssisəsində nə psixotrop tərkibli dərman saxlayıb, nə də Penitensiar Xidmətin əməkdaşını vurub. Kassasiya şikayətində bildirilir ki, Ə.İnsanovun 11 illik həbsdən çıxmasına iki ay qalmış başlanan cinayət işi əslində onun cəzasını artırmaq və beləliklə, azadlığa çıxmasına imkan verməmək məqsədilə quraşdırılıb.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rizvan Şammədov isə deyib ki, müdafiə tərəfinin şikayətdə göstərdiyi dəlillər əsaslı deyil. Prokuror Ə.İnsanov haqqında hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.
Hətta müşavirə otağına getmədən, yerindəcə qərar çıxaran Fərhad Kərimov, Gülzar Rzayeva və İmran

Hacıqayıbovdan ibarət hakimlər kollegiyasının mövqeyi prokurorun sözlərinə uyğun olub – şikayət təmin edilməyib.
Vəkil Toğrul Babayev jurnalistlərə açıqlamasında bildirib ki, bu qərar onlar üçün gözlənilməz olmadı. Onsuz da Ali Məhkəmənin bu işə obyektiv baxıb, ədalətli qərar çıxaracağına ümidləri yox idi. Sadəcə, Avropa Məhkəməsinə şikayət göndərmək üçün bütün yerli məhkəmə instansiyalarını keçmək lazımdır, ona görə də Ali Məhkəməyə müraciət etmişdilər. Müdafiəçi qeyd edib ki, Ali Məhkəmənin qərarını alandan sonra Ə.İnsanovun cəzasının daha 7 il artırılması məsələsindən də Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər.

Ə.İnsanov bu gün Ali Məhkəmənin onun haqqındakı qərarına münasibət bildirərkən, bunu 13 ildir özünə qarşı davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirib.

“Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiyalar amansızlıqla davam etdirilir. Bu gün Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında çıxarılmış, böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimi qırmağa yönəlmiş belə qərarlar məni haqq yolumdan döndərə bilməz”, – deyə Ə.İnsanov bu gün saxlandığı 11 saylı cəzaçəkmə müəssisəsindən verdiyi bəyanatda bildirib.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. Həmin vaxt o, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə kimi ittihamlarla məhkəmə qarşısına çıxarılaraq, 11 il azadlıqdan məhrum edilib. Dövlət çevrilişinə cəhdlə bağlı cinayət işinin aqibəti isə naməlum qalıb.
11 illik cəzanın bitməsinə 56 gün qalmış – 2016-cı ilin avqustunda Ə.İnsanov barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə ona CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham verilib. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə təqsirləndirilən İnsanov bu dəfə 7 il azadlıqdan məhrum edilib.
Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.