Kiçik sahibkar Ədalət Əmirli: “Vergilər Naziri Fazil Məmmədovun sifarişilə həbs edilmişəm”

Kiçik sahibkar, gənc ictimai fəal Ədalət Əmirli inzibati həbs olunmasının səbəblərini korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmasıyla əlaqələndirdi…

1_xebername_edalet-Ədalət bəy, inzibati xəta məcəlləsiylə azadlıqdan məhrum edilməyinizi nə ilə əlaqələndirmək olar? – Mən işgüzar adamam və həmişə çalışmışam ki, bütün fəaliyyətimi qanun çərçivəsində qurum. Buna görə Yevlax rayonunda kiçik bizneslə məşğul olandan, hətta 10 il bundan əvvəl hökumət işində işləyəndə də təzyiqə məruz qalmışam. Çünki, Azərbaycanda qanun tələb edənləri məmurlar xoşlamırlar. Deyərdim ki, elə 10 il bundan əvvəl mənim işdən məcbur qalaraq çıxmağım mənim bütün fəaliyyətimə təsir etmişdir və bu gün də cənab Vergilər Naziri Fazil Məmmədovun sifarişilə həbs edilmişəm. O vaxt hakim partiya olan Yeni Azərbaycan Partiyasına üzv olmağa etiraz etdiyimdən məcbur qalaraq işdən çıxdım. Çünki, şəxsi işimə nöqsanlı maddə yazılması təhlükəsi vardı. Daha sonra böyüyüb boya-başa çatdığım Yevlax rayonunda biznes quran kimi bütün vergi, polis, fövqəladə hallar, epidemioloji nəzarət, icra qurumları və s. orqanlar məndən rüşvət tələb etməyə başladılar. Mən isə bunlara qarşı çıxdığımdan məni vergi adı altında təhdit etməyə başladılar. Yəni mənə vergi cəriməsi tətbiq edib, daha sonra vergi cinayəti açıb işimi ləğv edəcəklərini bildirdilər. Mən isə ölkə başçısının sahibkarlığa dəstək prinsiplərini əsas tutaraq mərkəzi orqanlara müraciət edirdim ki, rüşvət verməyim. Mən şikayət etdikcə mənə tətbiq olunan yoxlama və araşdırmalar daha da artırdı. Bunların nəticəsi olaraq mən Yevlax şəhərində adi vəziyyətdə saxlanıldım və inzibati qaydadada məhkəmə mənim saxlanılmağım haqqında qərar çıxartdı. Guya mən küçədə xoşagəlməz hərəkətlər etmişəm. Hətta elə olsa belə polis əməkdaşlarının mənimlə kobuda davranmaq və məni təhqir etmək, o cümlədən işgəncə vermək ixtiyarları yoxdur. Mən bir neçə saat demək olar ki, işgəncəyə məruz qalmışam. Buna görə də hesab edirəm ki, mənim bu prosesdə cəzalanmağım məmurların qeyri-qanuni istəklərini yerinə yetirməməyim və ictimai fəallığım olmuşdur.

-Bəs mərkəzi orqanlara şikayətinizdən sonra Siz qarşı münasibət dəyişdimi? – Bəli dəyişdi, amma mənfi istiqamətdə. Mən şikayət etdikcə vəziyyətim daha da ağırlaşdı və bu da son, bu da sahibkarlığın inişafına verilən dəstək. Hal-hazırda hesab edirəm ki, mənim başıma gətirilənlərdən Prezident Adminstrasiyasının da xəbəri var və şəxsən vergilər naziri Fazil Məmmədovun sifarişilə həbs edilmişəm. Eyni zamanda məhkəmənin qərarını bu günədək ala bilməmişəm. Çünki, mən bu qərardan şikayət edərək işi Avropa İnsan Hüquqları Məhkəməsinə aparamaq istəyirəm və qeyd edim ki, mənim appelyasiya şikayət hüququmun vaxtı bitmək üzrədir. Eyni zamanda bilirsiniz ki, mən həmişə media və sosial şəbəkə imkanlarından istifadə edərək baş verənlər haqqında ictimaiyyətə məlumat vermişəm. Mənim cəzalanmağımda bu amil də rol oynayır. Hesab edirəm ki, bu mənim kimi yüzlərlə sahibkarın, iş adamının başına gətirilən oyunlardan bir nümunədir. Bu prosesə hakimiyyətdə təmsil olunan məmurlardan ciddi dəstək var. Çünki, bunlar bir korrupsiyalaşmış şəbəkələrdir və bunlara qarşı mübarizə aparmaq çətindir. Bu cür çıxışlarıma görə həmin şəbəkə məni cəzalandırmaq qərarına gəlib. Amma mən mübarizəmi sonadək aparacam.