Dekabrın axırlarında intihara cəhd edən Göyçay şəhər 9 saylı orta məktəbin direktoru Akif Qəribov özünü yaxşı hiss etdiyini, yanvarın axırlarında işinə qayıdacağını deyir.
BBC Azərbaycancaya müsahibəsində o, hazırda səhhətində problem olmadığını söyləyir, intihar etmək istəməsinə səbəb kimi isə “psixoloji gərginliyi” göstərir.
BBC: İş şəraitinin ağır olması deyəndə nəyi nəzərdə tutursuz?
Akif Qəribov: Məktəb köhnədir, qızdıra bilmirəm. Valideynlər bir tərəfdən, şagirdlər bir tərəfdən… Gərginlik həddindən artıq çox idi.
BBC: İndi bu problemlər həll olundumu?
Akif Qəribov: Olacaq, yəqin ki. İndi odun gətizdirmişəm.
BBC: Məktəbdə niyə qaz yoxdur?
Akif Qəribov: 1964-cü ildə tikilib, ondan bəri heç vaxt təmir aparılmayıb. Məktəbin əsaslı təmirə ehtiyacı var. İndi odunla qızdırırıq. Köhnədir deyə qaz çəkmək mümkün deyil. Amma söz veriblər, təmir olunacaq.
BBC: Belə bir söhbət yayıldı ki, sizdən rüşvət tələb olunub…
Akif Qəribov: Boş söhbətdir, belə bir şey olmayıb. Ani bir vəziyyət yaranıb.
BBC: Belə iddialar var ki, şikayət etməməniz üçün sizə hansısa vədlər edilib…
Akif Qəribov: Kimdən şikayətçi olmalıyam? Özüm-özümdən şikayətçi olmalıyam? Psixoloji cəhətdən özümü cilovlaya bilməmişəmsə, kimdən şikayət etməliyəm? Əsəb gərginliyi bütün insanlarda olan şeydir. Elə bilin ki, mən dözümsüzlük elədim, iradəsizlik elədim. Yoxsa, burda başqa heç bir məsələ yoxdur. Məni heç kim sıxışdırmır, nə təhsil idarəsi, nə yerli rəhbərlik. Cinayət işi də açılıb, səbəbkar axtarırlar. Amma kimsə səbəbkar deyil. Hadisədir, oldu, keçdi.
BBC: Akif müəllim, indi işə çıxırsızmı?
Akif Qəribov: Hazırda bülletendəyəm, psixoloji cəhətdən də artıq rahatlamışam, psixoloji yardım da almışam. İndi arabir məktəbə baş çəkirəm. Ayın 20-dən sonra işə çıxacağam.
BBC: Təhsil Nazirliyindən sizinlə əlaqə saxlanıbmı?
Akif Qəribov: Yox, heç kim əlaqə saxlamayıb. Burda elə ciddi problem yoxdur. Yerli rəhbərlikdən də səhhətimlə maraqlanırlar. Göyçay üzrə deputatımız, Elman Nəsirov gəlmişdi, mənimlə görüşdü.