Korrupsiya, rüşvət və ona qarşı mübarizə günümüzün əsas aktual məsələlərindəndir.“ İnsan Hüquqları və Sosial Bərabərlik İnstitutunun rəhbəri Elnarə Ağayeva korrupsiyaya qarşı mübarizə üsulları haqqında “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.
– Elnarə xanım, korrupsiyaya qarşı mübarizədə vətəndaşların rolu nədən ibarətdir?
-Doğrudur, bu gün korrupsiyaya qarşı nə qədər mübarizə aparılsa da problem hələ də həllini tapmayıb. Təbii ki, hökumət korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müəyyən işlər görür.Görülən işlərlə bağlı ictimaiyyətə də müəyyən məlumatlar verilir.Amma tətbiq olunan mübarizə üsulları problemin həllinə ciddi təsir göstərmir.Bütün bunlarla yanaşı vətəndaşların da üzərinə məsuliyyət düşür. Rüşvət alan varsa, demək ki, verən də var. Yəni burada problem qarşılıqlıdır. Əgər hansısa məmur rüşvət alırsa və vətəndaş da hansısa işinin düzəlməsi üçün asan hesab etdiyi bu yolu seçirsə, artıq rüşvətin, cinayətin iştirakçısı olur. Ona görə də hər bir vətəndaş həm sağlam cəmiyyət, həm də korrupsiyasız, rüşvətsiz bir ölkədə yaşamaq üçün bütün işlərini qanun çərçivəsində görməlidir. Bu problemin köklü şəkildə həllinə kömək etməsə də, vətəndaşların məsuliyyətdən azad olmasına səbəb olacaq.
-Yəni, günahkar təkcə vətəndaşdır?
-Təbii ki, yox. Günahkar korrupsiyanın, rüşvətin təməlini qoyanlar, buna rəvac verənlərdir.Bu gün cəmiyyətin bütün sahələrdə rüşvət faktına rast gəlmək mümkündür.Səhiyyə, təhsil və digər cəmiyyət üçün önəm daşıyan sahələr rüşvətə bulanıb.Hesab edirəm ki, hökumət korrupsiyaya qarşı addımlarını sərtləşdirməli, bir sıra məmurların necə oliqarxlara çevrildiyini tam şəkildə araşdırmalıdır.Korrupsiyaya qurşanmış məmurlar ciddi şəkildə cəzalanmalı, rüşvətlə özlərinə biznes imperiyası quranların bütün əmlakları, hesabları dövlət büdcəsinə qaytarılmalıdır. Bu proses başlayarsa və cəzalar sərtləşərsə, korrupsiyaya qarşı müzbarizə çox effketli olar.
– Elnarə xanım , korrupsiyaya qarşı aparılan maarifləndirmə işləri qənaətbəxşdirmi?
-Təbii ki, zaman-zaman regionlarda, paytaxtda bu istiqamətdə müxtəlif maarifləndirmə işləri aparılır. Vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif layihələr keçirir.Ancaq göründüyü kimi bütün bunlar yetərli deyil.Tədbirlər müəyyən məlum çevrələrdə keçirilir.Onun da effekti çox aşağı olur.Ancaq bu tədbirlərin mütəmadi olaraq keçirilməsi çox vacibdir.Hökumət də bu cür önəmli məsələlərə ciddi dəstək verməlidir.