MTN-dəki pullar kisələrə doldurulub, sabiq deputatın bankına aparılırmış

1512711816_chingiz-1

Ev Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı “sağ əli” hesab edilən əmisi oğlu Vüqar Mahmudovdan ifadələr alınıb.

Xəbərnamə.info “Yeni Müsavat”a istinadən xəbər verir ki, Vüqar Mahmudov dolayısı ilə baş verən cinayətlərdə sabiq nazirin göstərişlərinin əsas olduğunu təsdiqləyən ifadələr verib. Yada salaq ki, noyabrın 3-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Mahmudov barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb.Məlumdur ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. İstintaqda belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara V. Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş.

Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.