Bacısı: “Mənə bu haqda məlumat verməyiblər”
Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, hazırda həbsdə olan Hacı Məmmədovun intihar etdiyi bildirilir.Məlumatı ilk olaraq “primetime.az” saytı yayıb. Sayt mənbə göstərməsə də, iddia edir ki, o, saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində özünü asıb və ölüb.Deyilənləri Meydan TV-yə Penitensiar Xidmətin adını açıqlamaq istəməyən əməkdaşı da təsdiqləyib, ancaq ölüb-ölməməsi barədə heç bir məlumat verməyib:
Bəli, özünü asıb. Bundan başqa heç bir məlumat verə bilmərəm”.
Məlumatı APA-ya Xəzər Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, hadisə Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.Hacı Məmmədovun bacısı Arifə Məmmədova isə Meydan TV-yə deyib ki, o, qardaşı ilə 1 həftə öncə əlaqə saxlayıb və intihar haqqında heç bir məlumatı yoxdur:
“Hacı vərəm dispanserində müalicə olunur. Deyir ki, vəziyyəti pis deyil, düzəlib. Yazılanlarla bağlı məlumatım yoxdur. Mənə bu haqda heç bir məlumat verilməyib. Bazar ertəsi dəqiqləşdirəcəm”.
Hacı Məmmədovun vəkili Afət Qazıyeva da hadisənin doğru və ya yanlış olduğundan xəbərsizdir. O da yalnız iş günü məsələni dəqiqləşdirə biləcəyini deyir.