Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun birinci oxunuşda qəbul edildi
“Bu yaxınlarda Tərtər istiqamətində hərbi hissələrdə baş verən qanunsuzluqlar barədə eşitdik. Bəzən zabitlərin əsgərlərə qarşı nizamnamədən kənar davranışı, qanunsuz əməlləri ilə bağlı məlumatlar əldə edirik. Məsələn, bəzən bizə məlumatlar çatır ki, zabitlər əsgərlərə cəza vermək üçün onları soyuq havada, ayaqyalın qarın üzərində saxlayırlar və digər qanunsuz əməllər törədirlər”.Bunu yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. “Əgər Milli Məclisin Silahlı Qüvvələr üzərində nəzarəti yoxdursa, büdcədən bu sahəyə ayrılan maliyyə vəsaitinin xərclənməsinə necə nəzarət edə bilər? Qanunda qeyd olunmalıdır ki, silahlı qüvvələrin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan Respublikasının Milli Məclisi xüsusi nəzarət qaydasında həyata keçirir”.
O vurğulayıb ki, yeri gələndə Milli Məclisin müvafiq komitəsi bu və ya digər qanun pozuntuları, narahatedici məsələlərlə bağlı müvafiq vəzifəli şəxsləri dəvət edib dinləmələr keçirmək hüququna malik olmalıdır:“Heç bir halda Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz”.
Qüdrət Həsənquliyevin fikirlərini dəstəkləyən deputat Vahid Əhmədov da bildirib ki, belə bir nəzarət mexanizmi olmalıdır:
” İndiyə qədər şahidi olmadım ki, Hesablama Palatası hər hansı hərbi hissədə yoxlamaların aparılması və nəticələri barədə Milli Məclisdə hesabat versin”