Həbsdə olan bloqqer Mehman Hüseynovun hazırladığı video-nazirlərə məxsus olduğu iddia edilən villaların görüntüləri onun işinə baxan hakimlərə təqdim olunub.
Facebook-dakı bir neçə yüz min izləyicisi olan «Sancaq» səhifəsinin idarəedicisi M.Hüseynovun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Dekabrın 1-də keçirilən məhkəmədə bloqqerin vəkili Şəhla Hümbətova məhkəməyə disk təqdim edib. Müdafiəçi diskdəki görüntülərə məhkəmədə baxılıb qiymət verilməsi haqda vəsatət qaldırıb.Mehman özü də ifadəsində bildirdi ki, həbs olunmasının da, ondan əvvəl təzyiqlərə məruz qalmasının da səbəbi jurnalist fəaliyyəti, ölkəni idarə edənlərin biznesi, əmlakları haqda video-reportajlarıdır. Məmurların villaları haqda video-reportajlar ölkədə geniş yayılıb, əhali arasında müzakirələrə səbəb olub. Bu diskdə Mehman Hüseynovun həmin reportajları toplanıb. Bunlara baxanda bir daha aydın olur ki, Mehmanı niyə həbs eləyiblər», – Ş.Hümbətova bildirib.
Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Ardınca vəkillər çıxış etmək istəsələr də, hakim prosesi dayandırıb. Məhkəmə dekabrın 15-nə qədər təxirə salınıb.Prosesdə AXCP sədri Əli Kərimli və partiya funksionerləri də iştirak ediblər.