Elgiz Qəhrəmanın cəzası azaldıldı

elgiz-nida

Noyabrın 29-da Ali Məhkəmə “NİDA” Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmannın cəzasının azaldılması haqda qərar çıxarıb. Qərara görə, Elgiz Qəhrəmana verilən ittiham CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsindən 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib.Əvvəlki ittihamda 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulurdu. “NİDA”çı fəala da 5 il 6 ay həbs cəzası verilmişdi. CM-nin 234.1 maddəsində isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulub. Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər heyəti gənc fəalın cəzasını da 3 ilə endirib.

Elgiz Qəhrəmanın vəkilləri isə onun ümumiyyətlə, təqsirsiz günahsız olduğunu bildirir, üzərindən tapıldığı iddia olunan narkotikin isə cibinə polislərin özləri tərəfindən atıldığını bidirirlər. Ona görə də müdafiəçilər Avropa Məhkəməsinə şikayət edəcəklər.

E.Qəhrəman ötən il avqustun 12-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.