Prezidentə müraciət “Qarabağ əlili 25 ildir ki, vicdanında qüsur olan yalançı məmurların qapılarında sürünür”

 Bir  qrup  Qarabağ  müharibəsi  əlilləri  və veteranları ailələrinin ağır sosial şəraitdə yaşamağı ilə bağlı  və  yerlərdə  bu və ya  digər  vəzifə  sahiblərinin   onlara  qarşı  olan məmur özbaşınalığından Prezidentə müraciət ünvanlayıblar. Müraciətin tam mətnini sizə təqdim edirik:           22446715_538210146526196_248596006_n                

 

 

                                                                     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

                                                                     Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər                                                                               Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya

                                                                     Bir qrup Qarabağ müharibəsi əlilləri  və veteranları tərəfindən

 

                                                                                 M Ü R A C İ Ə T 

  Cənab Prezident!

Biz bir müddət bundan əvvəl  Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Xanım Əliyevaya  müraciət edərək məcburi köçkün, 1-ci qrup Qarabağ əlili İsmayilov Mehman Zahid oğlunun məmur biganəliyi səbəbindən  acınacaqlı sosial vəziyyətdə yaşadığını bildirmişdik. Bizim müraciətimiz Birinci Vitse Prezidentin katibliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş və

Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Sərdar Xıdırovun imzası ilə 1-ci qrup Qarabağ əlilinə cavab məktubu ünvanlanmışdır. Cənab Xıdırov məsələnin çox asan həlli yolunu Qarabağ əlilinə  göstərərək böyük “vətənpərvər”, “xalqını sevən” məmur olduğunu subut edib, ona təkrarən “Qaçqınkom”a müraciət etməyi məsləhət görüb. Nəzərinizə çatdırmaq istəyirik ki, Qarabağ əlili  ailəsinin ağır sosial şəraitdə yaşamağı haqqında yüzlərlə  müraciətlər ünvanlayıb, ancaq  onun yüzlərlə müraciətlərinə “Qaçqınkom”da fikir verən olmayıb və  biz müraciətimizdə bunu xüsusilə vurğulamışdıq. Cənab Xıdırov ən azından “Qaçqınkom”a etika xatirinə bir məktub ünvanlamalı idi, çünki bu  məktubu  DSMF- na Azərbaycan Respublikasının Birinci Vitse-Ppezidenti Mehriban xanım ünvanlamışdı.

İsmayılov Mehman Zahid oğlu  torpaqlarımızın müdafiəsi zamanı   5 dəfə ağır yaralanıb, bədənində 27 güllə və qəlpə yaraları var.  Torpaqlarımız uğrunda gedən qanlı döyüşlərdə mərmi  sol ayağını, sağ qolunu sındırıb, baş nayihəsinin bir hissəsini dağıdıb. O, Ağdam rayonu işğal olandan sonra uzun müddət kirayələrdə, tanışların qapılarında yaşamış və hal-hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində yerləşən 39 saylı yataqxananın 4-cü mərtəbəsində heç bir sosial şəraiti olmayan bir otaqda 4 nəfər ailə üzvləri ilə yaşayır. 1-ci qrup Qarabağ əlili dözülməz  sosial şəraitdə yaşamağı və onun ailəsinə də məcburi köçkünlər üçün inşa edilən şəhərciklərdən mənzil verilməyi haqda yüzlərlə müraciətlər edib, bundan əlavə bizlər də qrup şəklində bu haqda müraciətlər etmişik, ancaq bunların heç bir nəticəsi olmayıb. Bildirmək istəyirik ki,  növbəti müraciətlərdən sonra 17 noyabr 2015-ci il tarixində Qarabağ əlili Ağdam rayon İcra Hakimiyyətinin başçısı  Raqub Məmmədov tərəfindən çağrılıb və həmin görüşdə icra başçısı bildirib ki, Avropa idman oyunları qurtarandan sonra onun mənzil  məsələsi həll olunacaq. Həmçinin İsmayılov Mehman Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin əməkdaşı Arzu xanım  da Avropa idman oyunları qurtaran kimi onun mənzil məsələsinin həll olunacağını deyib. Sonralar aldadıldığını və çox iyrənc şəkildə ələ salındığını bilən Qarabağ əlili bir müddətdən sonra məsələyə aydınlıq gətirmək üçün Ağdam rayon İcra Hakimiyyətinə gedib, ancaq İcra Başçısı Raqub Məmmədov onu qəbul etməyib, müavini Qarabağ əlilinə bildirib ki, sənin məsələn bizlik deyil, get “Qaçqınkom”a. Raqub Məmmədov Qarabağ əlilini qəbul etməyərək  kabinetində gizlənib. Çünki 17 noyabr 2015-ci il tarixində Raqub Məmmədov həzrətləri Qarabağ əlili ilə danışanda onun acınacaqlı sosial şəraitini həll etmək istəməyib, sadəcə rola girərək Qarabağ əlilini başdan eləyib və bilib ki, onun bu hərəkətinə gözün üstə qaşın var deyən tapılmayacaq. Ikinci bir tərəfdən xüsusi qeyd etmək istəyirik ki, Azərbaycan respublikası müstəqillik qazanandan bu günə qədər  Ağdam rayonda Raqub Məmmədov kimi insanları saymayan İcra Başçısı olmayıb və Allah eləməsin ki, birdə beləsi gəlsin.

Sizə   dəfələrlə etdiyimiz müraciətlərimizdə vurğulamışıq  ki, Qarabağ əlilləri, müharibə veteranları dövlətin yanında olmalıdır,  onları dövlətdən narazı salmaq olmaz. İsmayılov Mehman Zahid oğluna qarşı belə hərəkət, belə münasibət də birmənalı şəkildə heç bir əxlaq normasına sığmayan hərəkətdir. Qarabağ əlili 25 ildən çox bir müddətdə  vicdanında qüsur olan yalançı məmurların  qapılarında sürünür, ancaq ona fikir verilmir. Sizcə bu normal haldır?

1-ci qrup Qarabağ müharibəsi əlili İsmayılov Mehman Zahid oğlu xalqımıza, vətənimizə sədaqətini öz qanıyla sübut edib və şərəfli bir yol keçib. Onun həyat yoldaşı dəfələrlə cərrahiyyə əməliyyatı keçirib. Yuxarıda qeyd etdiyimiz kimi onun 4 nəfərdən ibarət ailəsi bu gün yataqxananın 4-cü mərtəbəsində ağır sosial şəraitdə yaşayır. Hansı səbəbdən məcburi köçkün statusu daşıyan Qarabağ əliləri zülm çəkməlidir? Azərbaycan Respublikasının qanunda açıq-aşkar göstərilib ki, müharibə əlilləri, müharibə veteranları güzəştli əsaslarla birincilər sırasında mənzillə təmin olunmalıdırlar. Belə çıxır ki, öz elini-obasını, əzizlərini itirib qanını vətən torpağına tökən Qarabağ əlili məcburi köçkün statusu daşıyanda qanunlar ona şamil olunmur. Mehdiabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün inşa olunan şəhərcikdən Qarabağ əlillərinə, şəhid ailələrinə və veteranlarına  5-10  bina ayırıb onları yataqxanalardan, qeyri-yaşayış sahələrindən, uşaq bağçalarından köçürüb qanunlara əməl etsəydilər dünya dağılacaqdı?

Cənab Prezident!

Bizim ölkədə adı nifrət və qarğışla, lənətlə çəkilən iki qurum var, bunlardan biri “Qaçqınkom” deyilən bir komitə, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Sizə və əlaqədar dövlət qurumlarına etdiyimiz müraciətlərdə dəfələrlə qeyd etmişdik ki, “Qaçqınkom”da  mənzillər paylaşarkən nə şəhid ailələri, nə Qarabağ əlilləri, nə də müharibə veteranları nəzərə alınmır, bu qurumda Azərbaycan Respublikasının  Qarabağ  əlilləri, şəhid ailələri və veteranları haqqında  Qanunlara əməl olunmur, burada dərəbəylik, özbaşınalıq hökm sürür. Biz müraciətlərimizə Mehdiabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə   divara vurulmuş bir elanı da dəlil kimi sizə və aidiyyatı dövlət qurumlarına göndərərək həyəcan təbili vurmuşduq ki, məcburi köçkünlərə tikilən mənzillər hərraca qoyularaq elə məcburi köçkünlərin özlərinə satılır. Həmin elanın şəklini Nazirlət Kabinetinə, Prezident Aparatına da təqdim etdik.  Bütün bunlardan sonra  “Qaçqınkom”da bu işlərin başında duran komitənin sədr müavini Gəray Fərhadov “Vətənə xidmətə  Görə” ordeni ilə təltif edildi. Bundan sonra zamandan yaxşı ibrət dərsi aldıq və həmin andan səsimizi çıxarmadıq. Cənab Əli Həsənova bir tövsiyyəmiz var, ayin 30 gününün bir gününü məcburi köçkün statusu olan Qarabağ əlillərinin, şəhid  ailələrinin  və  Qarabağ müharibəsi veteranlarının sosial problemlərinin həlli ilə məşğul olsun. Bu məsələnin bir tərəfidir.

Məsələnin ikinci tərəfi isə ölkə ictimaiyyətində çox pis və mənfi imic qazanmış Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir. Bu quruma Səlim Müslümov nazir təyin olunanda bizlər dəfələrlə müraciət edərək həyəcan təbili vurduq  ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının mənzillərlə təmin olunması aidiyyatı üzrə icra hakimiyyətlərinə tapşırılsın, çünki Səlim Müslümovun kimliyi çoxdan hamıya məlum idi. Bu gün bir çox Qarabağ müharibəsi əlillərinin və veteranlarının acınacaqlı və dözülməz şəraitdə yaşamalarının səbəbkarı məhz Səlim Müslümovdur, nə qədər ki, bizlərin taleyini məhz Səlim Müslümov və onun kimilər həll edir, problemlər böyüyəcək və həll olunmayacaq, biz  bunu qabaqcadan görürdük.      2014-cü ilin avqust ayında Ağdam rayonunda ictimaiyyətin aktivləri ilə keçirdiyiniz görüşdə çıxış etdiniz, həmin çıxışın bir hissəsini həmişəki kimi müraciətimizin əvvəlində başlıq kimi qeyd edirik ki, bəlkə oxuyub  sizin dediklərinizə əməl etsinlər. Həmçinin bir qrup Qarabağ müharibəsi veteranları Sizə və aidiyyatı dövlət qurumlarına, Milli Məclis deputatlarına müraciət edərək bildirmişdilər ki, Qarabağ müharibəsi əlilləri qeyrət, namus simvoludurlar, onların və şəhid ailələrinin problemləri  olmamalıdır və ilk növbədə onların sosial problemləri həll olunmalıdır. Həmin müraciətdə Qarabağ müharibəsi veteranları Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının övladlarının Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində pulsuz təhsil almaları haqda qanun qəbul edilməsini xahiş etmişdilər. Həmin müraciət nəzərə alınaraq qismən təmin edildi, ancaq çox əfsuslar olsun ki, bu qanun müraciəti edən Qarabağ müharibəsi veteranlarının övladlarına şamil edilmədi. Bundan sonra bir qrup Qarabağ müharibəsi əlilləri Sizə müraciət edərək Qarabağ veteranlarına qarşı belə ayrıseçkiliyə son qoyulmasına, Qarabağ müharibəsi veteranlarına qarşı dövlətin diqqət və qayğısının artırılmasını xahiş etmişdilər. Həmin müraciətdə göstərilmişdi  ki, Qarabağ müharibəsi veteranları müharibə başlayan atəşkəs dövrünə qədər əllərində silah vətən torpaqlarını qoruyublar, şəhidlər canlarını vətən, xalq yolunda qurban verdilər, Qarabağ əlilləri də sağlamlıqlarını itirdilər. Ancaq Qarabağ müharibəsi veteranları şəhidlərin və əlil olanların yerlərini heç vaxt boş qoymadılar, axıra qədər əllərində silah vətəninizin, xalqımızın keşiyində durdular və indi onların əksəriyyəti xəstədirlər, dərman hesabına yaşayırlar.Qarabağ müharibəsinin ən ağır yükü Qarabağ müharıbəsi veteranlarının çiyinlərində olub. Əfsuslar olsun ki, bu müraciətə də həmişə olduğu kimi  fikir verən olmadı.

Növbəti dəfə Sizə təkrarən bildirmək istəyirik ki, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və veteranlarına güzəştlər ləğv olandan sonra müharibə veteranlarına dərman preparatlarının alınması, kommunal xərclərin ödənilməsi və nəqliyyatdan istifadə üçün kompensasiya şəklində 50 man. pul verilir. Ancaq Qarabağ müharibəsi veteranı əgər yaş həddinə və yaxud əlilliyə görə təqaüdə çıxırsa ona verilən 50 manat kompensasiya kəsilir. Dünyanın heç bir yerində müharibə veteranlarına belə hörmətsizlik yoxdur,  şübhəsi olan  qardaş Türkiyə  Cumhuriyyətinə nəzər salsın.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun səbəbini belə izah edir ki, bir vətəndaş iki təqaüd ala bilməz. Elə faciə də bundadır, bizlərin taleyi kompensasiya ilə, müvavinət ilə təqaüdü ayıra bilməyən gerizəkalıların əlindədir.

1992-ci ilin dekabr ayının 3-də BMT Baş Məclisinin 46-cı sesiyasında müharibə veteranları haqqında qərar qəbul edilib və bunun əsasında Azərbaycan RespublikasındaVeteranlar haqqında” qərar qəbul edilib. Səlim Müslümov görəsən bu qərarı oxuyub, oxuyubsa hansı nəticəni çıxarıb?

Səlim Müslümov ona əhsabəlik edənlərin qaniçənliyi, xəstə insanlara əlillik dərəcəsi verilməsi zamanı onlara vəhşicəsinə zülm vermələri, ünvanlı sosial yardımın ancaq rüşvətlə  onlayn sistemində  qəbul edilməsi və s. bu faktları yazmaqla qurtarmaz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vicdanlı əməkdaşları deyirlər ki, Səlim Müslümov gələndən buranı bazara çevirib, hara müraciət edirsinizsə edin fikir verən olmayacaq, yuxarılar guya bilmirlər ki, Səlim Müslümov hansı oyunlardan çıxır?

Biz açıq şəkildə bildirmək istəyirik: nə qədər ki, Səlim Müslümov kimi qaraçı xislətli qaniçən, Allahdan qorxmayan acgöz adam bu nazirliyin başında durub bizim problemlər həll olunmayacaq. Azərbaycan İncəsənət Universitetini qırmızı diplomla bitirib 30 il aktyorluq stajı olan xalq artisti Səlim Müslümovun oynadığı rolu ömrü boyu oynaya bilməz. Ləkəli keçmişi olan Səlim Müslümovun əhalinin başına gətirdiyi müsibətin, qəddarlığın sonu nə vaxt qurtaracaq cənab Prezident? Onlayn sistemi ilə əlillik dərəcəsi almaq istəyən və pul verməyən əksər vətəndaşlara “təkrar müalicə” cavabı verərək başlarından edirlər. Artıq  yerli poliklinikalara “norma” təyin edilib, ayda 5-6 nəfərdən çox onlayn sisteminə daxil etmək olmaz, onlayn sistemi  ilə ilk növbədə onların özlərinin “müştəriləri”  əlillik almalıdırlar.Onlayn sistemini həyata keçirən rabitə qovşaqlarını artıq ələ alıb onları da bu murdarçılığa sürükləyiblər, artıq Səhiyyə Nazirliyində də özləri kimi birisini tapıb poliklinikaları təlimatlandırıblar. Bir sözlə pul vermirsənsə öl, səsini çıxarma, çıxarsan da heç kim eşitməyəcək. Xəstə insanlardan rüşvət almaqda cəlladlıq edən Tibbi Sosial Ekspert Kommisiyanın üzvlərinin sifətlərindən az qala qan damır. Millət bunları görür, ancaq səslərini çıxarmağa çəkinirlər, birdə səslərini çıxarıb nə edəcəklər ki? Qarabağ müharibəsində bədənindən çoxsaylı güllə və qəlpə yaraları almış bir çox soydaşlarımız indiyə qədər əlillik dərəcəsi ala bilməyiblər, çünki əlillik dərəcəsi vermək üçün onlardan həm Əli Nağıyev, həm də Fizuli Ələkbərov nazir olanda  rüşvət  istəyiblər,  onlarında pulları olmadığı üçün bu günə qədər qapılar arxasında qalıblar. Bundan əlavə, anadan əlil doğulmuş uşaqlara 18 yaşına çatana qədər 55 man. pul verilir, 18 yaşına çatandan sonra isə onlara əlillik qruru kəsilir ,  onlara əlilliyə görə təqaüd deyil, 55man. müvavinət verilir. 20- ci əsrin  qanlı faciəsi olan Xocalı soyqırımına məruz qalmış və əlil olmuş insanlar  adi əlillə bir sirada tutularaq 55 man. təqaüd verilir.  Belə əlillərə ən azından yaşayış minimumu qədər təqaüd vermək lazımdır ki, onlar heç olmasa aclıqla üzləşməsinlər. Ünvanlı sosial yardım almaq  hüququ olanların qarşısına məkrli bir sədd çəkilib, Səlim Müslümov qərar layihəsi hazırlayaraq  Nazirlər Kabinetində uğurla təsdiq elətdirib. 02.05.2016-cı il tarixində təsdiq olunmuş 37 saylı qərara əsasən ancaq əlillik dərəcəsi olan vətəndaş sosial müvavinət ala bilər, bir sözlə  vətəndaş rüşvət verəndən sonra özləri necə deyərlər, hər şeyi yoluna qoyurlar. Bir acı həqiqəti nəzərinizə çatdırmaq istəyirik ki, bir azdan yaş həddinə görə təqaüdə çıxanlar küçələrdə dilənməyə  başlayacaqlar, bu da Səlim Müslümovun “sosial müdafiəsinin” nəticəsidir. 20-25 il güzəştli mənzil növbəsində  duran  Qarbağ əlilləri və müharibə veteranları var  və qeyri insani, ağır sosial səraitdə yamaqları ucbatından əksəriyyətinin ailə üzvləri xroniki xəstəliklərə düçar olublar, sizcə  bu normal haldır? Əksər məmurlar Azərbaycanın rayonlarında, Bakı şəhərində özlərinə dəyəri milyonlarla ölçülən villalar, imarətlər ucaldıblar, bəs bizim ailələrin bu ölkədə normal yaşamaq hüququ yoxdur? Siz bu ölkənin prezidentisiniz, sizə edilən yüzlərlə müraciətlər necə it- bata salınır? Bəs biz üzümüzü kimə tutub dərdimizi deyək?  Bəs bəzi məmurlar qanmırlar ki, camaata edilən pislik göyə  atılan daş kimidir, bir gün həmin daş qayıdırb özlərinin başlarını dağıdacaq? Əksər rayonların İcra Başçıları özlərini Firon, kral kimi aparıb  heç kimi saymirlar, ağzını açanı 37- ci illərdəki kimi polis çağırıb qollarını qandallayırlar.

Bundan əlavə Sizin göstərişlərinizlə Qarabağ əlillərinin və şəhid ailələrinin mənzillə təmin olunmaları üçün dövlətimiz dəfələrlə milyonlarla pul ayırıb, ancaq problemlər həll olunmur ki, olunmur. Biz heç nədən  çəkinmədən bəyan edirik: harada Səlim Müslümov var, orada yeyinti, oğurluq olub və olacaq. Məzlumların, şikəst insanların pulları hesabına ağlasığmaz imperiya sahibi olan bu adam harada olacaqsa orada zülm, qaniçənlik olacaq, bunu onun ləkəli keçmişi və millətin başına gətirdiyi müsibətlər subut edir . Səlim Müslümov və onun qaniçən əshabələrinin aldıqları hər nəfəsdə  xalqın  ahu-naləsi,  qarğışı var, bunlar Allahdan da qorxmurlar ki, onlara edilən qarğışlar nəsillərini zəlil edəcək?  İmperiya saydığımız  sovetlər birliyi zamanı sovet ordusunda hərbi xidmət iş stajı sayıldığı halda Azərbaycan  Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən Qarabağ müharıbəsi veteranlarına müharibədə olduğu müddət iş stajı sayılmır. Bu gün Qarabağ əlillərini avtomobil növbəsinə götürmürlər, burada da rüşvət umurlar. Səlim Müslümovun tabeliyində Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə  İş Deportamenti var, orada olan hərc-mərclik, açıq bazar bəlkədə  dünyanın  heç yerində yoxdur, orada nələr baş verir, bunu yazmaqla qurtarmaz.

Səlim Müslümovun yeganə  yaxşı  əməli var, onun adı çəkiləndə hamı keçmiş nazir Fizuli Ələkbərovun ölənlərinə rəhmət oxuyur, vəssəlam.

Aidiyyatı dövlət qurumlarına etdiyimiz çoxsaylı müraciətlərimizdə bizim qəbul edib dinlənməyimizi, dözülməz neqativ halları nəzərlərinə çatdırmağımızı xahiş etmişdik. Əfsuslar olsun ki, indiyə qədər bu qurumlar bizim müraciətlərimizi qulaqardına vurublar, çünki  nə baş verirsə onların çox yaxşı xəbərləri var, sadəcə olaraq həqiqəti eşitməkdən qorxurlar, onlar həqiqətin sizə məlum olacağından qorxurlar. Hər bir məmurun oturduğu kreslada şəhidlərin, Qarabağ əlillərinin və veteranlarının haqqı var! Uzun müddətdir ki, şəhid ailələri və Qarabağ əlilləri sığorta pulunu ala bilmirlər, Konstitusiya Məhkəməsi göndərir Milli Məclisə, Milli Məclisdə deyirlər ki, Maliyyə Nazirliyindən, Maliyyə Nazirliyində deyirlər ki, ölkə prezidentindən asılıdır, bir sözlə hər bir işdə sizi səbəbkar göstərirlər. Şəhid ailələrini və Qarabağ əlillərini qaranlıq labirintə salıb onların başlarını aldatmaq hansı məntiqə sığır? Bəyəm bizim ölkədə qanpulunu verməyə dövlətin imkanı yoxdur? Bəzi  Qarabağ əlilləri maddi ehtiyac ucbatından  məcburiyyər qarşısında qalıb Dövlət Sığorta Kommersiya Şirkəti ilə “dil” taparaq  sığorta  pulunu rüşvət hesabına alıblar. Bir sözlə hər yerdə rüşvət qanunları ayaqlar altına atıb.

Cənab Prezident!

Bir ağrılı məsələni də xüsusən nəzərinizə çatdirmaq istəyirik. Dövlət çevrilişinə cəhd zamanı, Azərbaycan Respublikası Prezidentininin devirməsinə cəhd zamanı,  Azərbaycan Respublikasının Konstitusiyası uğrunda qanını töküb əlil olan soydaşlarımıza ümumi əlillik verilir, sanki  bu vətənpərvər, dövlətimiz və xalqımız qarşısında xüsusi xidmətləri olan seçmə oğullar arabadan yıxılıb əlil olublar. Onlar da buna etiraz edəndə deyirlər ki, oturun yerinizdə, səsinizi çıxarmayın, əks halda elə edərik ki, adi əlillikdən də sizi məhrum edərlər.

Uzun illər boyu yığışıb qalmış problemlərin həll olunmamağının səbəbi Azərbaycan Respubliaksının Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları haqqında qanunlara əməl olunmaması və sizin göstəriş və tapşırıqlarınızın yerinə yetrilməməyidir. Siz rayon və şəhərlərə gedəndə sizi mühasirəyə alıb qəstdən əhali ilə təmasda olmağa, onları dinləməyə imkan vermirlər. Sanki Səlim Müslümov və onun kimilər ölkədə əhalini dövlətdən narazı salıb  inqilaba  hazırlayırlar. Biz həllini tapmayan aşağıdakı məsələləri bir daha nəzərinizə çatdırırıq  və bu məsələlərin həllini öz şəxsi nəzarətinizə götürməyinizi  və qısa zamanda həll olunmağına qəti göstəriş verməyinizi bir daha xahiş edirik:

  • Şəhid ailələrinə və Qarabağ əlillərinə qanunla nəzərdə tutulmuş sığorta pulunun verilməsi.
  • Bakı şəhərində və bölgələrdə yataqxanalarda, qeyri-yaşayış sahələrində məskunlaşmış  şəhid ailələrinin, Qarabağ əlil və veteranlarının siyahısının tutulması və onlara məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdən mənzil verilməsi.
  • Qarabağ müharibəsi veteranlarının övladlarının bütün təhsil müəssisələrində ödənişsiz təhsil alması.
  • Yaş həddinə görə və əlilliyə görə təqaüdə çıxmış müharibə veteranlarına verilən 50 manat kompensasiya pulunun bərpa olunması və bu məbləğın yaşayış minimumuna qədər çatdırılması.
  • Uzun illər boyu mənzil növbəsində olan şəhid ailələrinin, Qarabağ əlillərinin və müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində konkret addımların atılması.

Bir daha nəzərinizə çatdırmaq istəyirik, biz dövlətə qarşı müxalifət deyilik, biz heç bir siyasi qurumun üzvü deyilik, biz bu müraciəti qərəzli məqsədlə deyil, məcburiyyət qarşısında qalıb yazmışıq. Xahiş edirik, bizi sizin və Mehriban xanımın nümayiəndəsi qəbul edib dinləsin, onda bu və digər  məsələlərə aydınlıq gələcək.

Əlaqə telefonları: 0506497678: 0505597415; 0503002409; 0504424211:0703643714

Biz dözülməz və neqativ halların  bir hissəsini nəzərinizə çatdırdıq, bir daha təkidlə xahiş edirik, bizim 5 nəfərdən ibarət nümayiəndəmiz Prezident Aparatında həm Mehriban xanımın, həm də sizin səlahiyyətli nümayiəndələriniz tərəfindən qəbul edilib dinlənsin.