Bu qədər yalan danışmağı Səməd Seyidov özünə necə sığışdırır?

Nemət Əliyev

İki qətnamənin qəbulu ilə nəticələnən Avropa Şurasının sonuncu iclasında bir məsələ diqqəti xüsusilə cəlb edir. Səməd Seyidov rəhbərlik etdiyi nümayəndə heyətini də başına toplayıb Avropa Şurasının deputatlarını inandırmağa çalışırmış ki, guya Azərbaycanda prokurorluq orqanları sifarişlə fəaliyyət göstərmir, siyasi hakimiyyətin nəzarətində deyil, bu ölkədə siyasi səbəblərlə həbs etmə halları yoxdur və islahatlar aparılır…

Əlbəttə, bu nağıllara inanan olmayıb və buna görə də bir iclasda Azərbaycanla bağlı iki qətnamə qəbul edilib. Amma məni təsirləndirən məsələnin başqa yönüdür: “doktor”, “millət vəkili”, “universitet rəhbəri”, “müəllim” kimi titulların daşıyıcısı olan Səməd Seyidov bu qədər yalan danışmağı necə özünə sığışdıra bilib? Yaxşı, deyək ki, bir təhər bu avropalıları da yola verdiniz, cənab Seyidov! Siyasi baxışlarına, siyasi fəaliyyətlərinə, jurnalist peşəsini ləyaqətlə yerinə yetirdiklərinə görə şərlənərək zindanlara doldurulan günahsız Azərbaycan vətəndaşlarını bu qədər yüksək titul daşıyıcısı olan adam(lar) da deyil, bəs kim düşünəcək? Axı siz və sizin kimilər Gözəl Bayramlının, Fuad Qəhrəmanlının, Taleh Bağırzadənin və onun din qardaşlarının, Seymur Həzinin, Asif Yusiflinin, İlkin Rüstəmzadənin, Faiq Əmirlinin (bu siyahını xeyli uzatmaq mümkündür) başlarına gətirilən müsibətləri necə görməzdən gələbilərsiniz? Bu gün məhkəmə hakimləri az qala əl buyruğuna döndərilib. Məhkəməorqanlarında hər hansı ədalət mühakiməsindən söhbət belə gedə bilməz. Sifarişli məhkəmə hökmlərindən hamı xəbər tutubsa, bəs sizin niyə xəbəriniz yoxdur? Sizin heçmi vicdanınız qalmayıb? Psixologiya elmlər doktoru kimi heç olmasa bunu nəzərəalmalıydınız ki, böyük xalqımızın bu gün haqsızlığa qarşı heç dözümü qalmayıb.