“İndi bir İlqar Məmmədovla bağlı düşüblər Azərbaycanın üstünə. Xeyir ola? Mən İlqar Məmmədovu siyasi məhbus hesab etmirəm. O, konkret cinayət əməlinə görə konkret cəzasını alıb. Avropada kimlərsə xüsusi maraqlıdırlarsa ki, filankəslər buraxılmalıdır, bu, yanlış variantdır. Bizimlə göstərişlə, vaxt qoymaqla danışmaq olmaz”.
Bu sözləri APA-ya müsahibəsində Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurasının bununla bağlı tələbini şərh edərkən deyib.
Onun sözlərinə görə, ölkə Avropa Məhkəməsinin qərarlarını icra edir: “Müəyyən etdikləri miqdarda hətta təzminat da ödəyirik. Avropa Məhkəməsinin digər ölkələrdə 10 000 qərarı yerinə yetirilməyib. Niyə buna susurlar, ancaq bizim üstümüzə düşüblər? Öz gözlərində tiri görmürlər, Azərbaycana gələndə hər şeyi mikroskopla axtarırlar. Azərbaycanla vaxt qoyub, diktə dili ilə danışmaq effektli siyasət deyil. Oturub danışmaq, müzakirə etmək lazımdır”.