Bu barədə saytımıza siyasi mühacir Nadir Məmmədov özü məlumat verib
Almaniyada siyasi mühacirlik həyatı sürən Nadir Məmmədov məlumat verib ki, son dövrlər Naxçıvan MR-da ali hakimiyyətdə olanlara qarşı özünün Facebook hesabından tənqidi fikirlər irəli sürdüyünə görə onun ailə üzvlərinə qarşı yenidən təzyiqlər başlamışdır.
Belə ki, 30 sentyabr və 01 oktyabr 2017-ci il tarixləri aralığında N.Məmmədov Naxçıvan MR-nın keçmiş Daxili İşlər Naziri Əhməd Əhmədovun işdən çıxarılması və onun Muxtar Respublikasında İnsan Hüquqları əleyhinə gördüyü əməllərlə bağlı müxtəlif məlumatlar paylaşmış, daha sonra Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova yönəlik tənqidi fikirlər bildirmiş və tezliklə onun da vəzifədən gedəcəyilə bağlı ifadəsini qeyd etmişdir.
Bundan sonra N.Məmmədovun qardaşı Məmmədov Kərəm və anası Məmmədova Zülfinaz müxtəif vəzifəli adamlar tərəfindən təhdit olunmuş və onlardan Nadir Məmmədovun susdurulması tələb edilmişdir.
Xatırladaq ki, 2011-ci ildə Naxçıvanda seçki müşahidəçiliyi zamanı N.Məmmədov qanunu tələb etdiyinə və seçki saxtakarlığına etiraz etdiyinə görə həbs edilmiş, daha sonra keçmiş nazir Əhməd Əhmədov tərəfindən işgəncə almış, dırnaqları çəkilmiş, mühakimə edilmiş, müxtəlif bəhanələrlə dəfələrlə işgəncəyə və döyülməyə məruz qalmışdır. Buna görə də öz həyatını Bakıda da təhlükədə hiss edən N.Məmmədov məcburi şəkildə 2016-cı ildə ailəsilə birlikdə ölkədən mühacirət etmişdir. Qeyd edək ki, onunla birlikdə yaxın qohumu, iş adamı və Naxçıvanda işgəncə almış Məmməd Qurbanov da müstəqil mövqeyinə görə ailə üzvlərilə birlikdə Almaniyaya siyasi sığınacaq almaq məqsədilə sığınmışdır.