“Energetik içkilərdən qəfil ölüm halları çoxalıb”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsinin narahatlıq doğuran problem olduğunu deyib.загружено

“Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması onu daha əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini gücləndirib”.

Onun sözlərinə görə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb.

“Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər”.