Dindarın evinin önündən oğurlandığı deyilir

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin tərəfdarlarından olan Əhsən Nuruzadədən xəbər yoxdur. Bu barədə onun yaxınları “Facebook” şəbəkəsində yazıblar. Bildirilir ki, Ə.Nuruzadə sentyabrın 19-da, saat 14 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən oğurlanıb. Onu qara, nömrəsiz “CİP” markalı maşınla aparıldığı deyilir.

Hazırda Ə.Nuruzadənin telefonuna zəng çatmır, harada olduğu barədə məlumat yoxdur.

Ə.Nuruzadə bu ilin yanvarında da “yoxa çıxmışdı”. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli oldu. O, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham olunaraq 10 sutka həbs cəzası almışdı.