“Biz tək deyilik” – siyasi fəal iqtidara xəbərdarlıq etdi


Taleh Mustafayev: “Biz tək deyilik, ölkədə də, xaricdə də demokratiya uğrunda mübarizə dəstəkləyən milyonlarla insanlar və çoxlu dövlətlər var”

“Regionlarda insan hüquqlarını qoruyan yeni şəbəkə yaradılır”

Azərbaycannın mərkəzi rayonlarında insan hüquqlarını qoruyan yeni QHT yaradılıb. Bu barədə yeni yaradılan İctimai Vəkillik İnstitutu təşkilatının təmsilçilərindən biri Taleh Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu təşkilat vasitəsilə insan hüquq və azadlıqlarını daha effektiv qorumaq mümkün olacaq: “Əslində ölkədə demokratiyanın durumu əhalinin demokratiya quruculuğuna verdiyi dəstəkdən və cəmiyətin avtoritarizmə müqavimətindən asılıdır. Hazırda ölkədə avtoritarzim möhkəmlənməkdədir. İlham Əliyevin 3-cü dəfə prezident olmaq istəməsi bunu sübut edir. Hansı demokratik cəmiyyətdə bir ailə bir ölkəni 20 il idarə edə bilər ki? Bizdə də olmamalıdır! Çünki deyirik yolumuz demokratiya yoludur, Avropaya inteqrasiya edirik. Bu hardan Avropanın demokratik dəyərlərinə sadiqlik oldu, harda qaldı insan hüquqları?”

Taleh Mustafayevin sözlərinə görə, ölkədə etiraz edən insanların sayı çoxdur amma əksəriyyəti sakit etiraz edir və narazılığını açıq bildirmir. Bu yaradılan təşkilatın da məqsədi məhz belə insanları demoktariya və öz hüquqlarının qorunması sahəsində səfərbər etməkdir: “Çoxu etiraz edir amma əksəriyyəti bunu evində edir, dostun-qohumun yanında deyir, amma ictimai yerdə susur. Mən görürəm ki, Bakıda etiraz edən insanların sayı çoxdur amma regionlarda ümumiyyətlə hakimiyyətdən, polisdən bir qorxu xofu var. Onlara izah etməliyik ki, polis də, məmur da, hökümətin digər təmsilçiləri də “dövlət qulluqçuları” adlanır. Onların işi sənə, mənə, bu dövlətin vətəndaşlarına xidmət etməkdir. Mən niyə məmurdan qorxmalıyam ki? Ona görə ki, onun əlində gün var, hakimyyət var? Biziz də əlimizdə qanunlar var, hüquqlarımızı qoruyan beynəlxalq konvensiyalar var, insan hüquqlarına hörmət edilməsini tələb edən hökümətlər var, beynəlxalq nüfuzlu qurumlar var. Ona görə də avtoritarizmlə mübarizə aparmaq lazımdır. Bu gün bunu etməsək sabah daha çətin olacaq. Çünkü açıq-aşkar avtoritarizm möhkəmlənir və bu gedişlə ölkədə tezliklə diktaturaya keçid baş verəcək”.

Əgər belə aktiv siyasi etirazınız varsa niyə siyasi yox ictimai təşkilat yaratmısınız sualına isə həmsöhbətimiz əhalinin siyasi ad gələndə qorxması ilə izah etdi: “Ölkədə elə bir durum yaradılıb ki, insanlar “siyasət”, “müxalifət” sözlərini eşidəndə qorxurlar, bunu az qala “terrorizm” sözü ilə assosiasiya edirlər. Çünkü səhərdən axşama qədər iqtidar KİV-ləri təbliğat aparır ki, ölkədə hər kəs yağ-bal içində yaşayır və müxalifətçilər bu ölkəni yıxmaq istəyənlərdir. Müxalifətdə olanların da çoxu hakimiyyətdə satılıb, mandata satılıb, pula satılıb. Ona görə də biz fərqli yanaşma etmək qərarına gəldik: mən demirəm ki, mən sizin hüquqları qoruyacam bu təşkilat vasitəsilə, deyirəm gəlin birləşək birlikdə öz hüquqlarımızı qoruyaq. Bu siyasi partiyaların işindın fırqki yanaşmadır. Biz yeni heç bir siyasi tələb irəli sürmürük ki, qorxaq. Biz ancaq sosil və hüquqi tələblər irəli sürürük ki, ətrafımıza insanlar toplaşsın və qorxmasın. Beləliklə, hüquqlarımızın qorunması işi ümumi işə çevrilsin və prosesdə hər kəs iştirak etsin”.

Taleh Mustafayev bu işin uğuruna inandıqlarını da bildirib: “Bilirik ki, çətin yoldur, bilirik ki, basqılar olacaq. Amma biz haqq söz deyirik. Atalar da deyib ki, haqq nazilər amma üzülməz. İndi də ölkədə haqlı olanlar ağır günlər yaşayır. Amma mən və dostlarım bunun dəyişəcəyinə inanırıq. Çünki biz tək deyilik. Həm ölkədə həm də, xaricdə demokratiya uğrunda mübarizə dəstəkləyən milyonlarla insanlar və çoxlu dövlətlər var”