“Bizim sözümüzü Mətbuat Şurası deyib. Mətbuat Şurasının üzvüyəm. Mətbuat Şurası da Mehman Əliyevin buraxılması ilə bağlı hörmətli prezidentimizə, möhtərəm prezidentimizə müraciət edib. Biz o müraciətdə də hər sözümüzü demişik”.
Bu sözləri deputat Aqil Abbas Azadlıq Radiosuna deyib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı danışan deputat onun tezliklə azad olunacağına inandığını bildirib.
Aqil Abbas həbsin “siyasi sifariş” olması haqda suala cavab verməkdən yayınıb.
Deputat Asim Mollazadə isə deyib ki, Turan” agentliyinin radikal mövqeyini görmür və buna görə də həbsi siyasi motivli hesab etmir: “Əslində, vergilərlə bağlı hansısa pozuntulara yol verilməsi istisna deyil”.
Deputatın fikrincə, istintaq araşdırması zamanı Mehman Əliyevin həbsinə gərək yox idi:
“Dekriminasiya ilə bağlı bir fərman var. Yəni həbs qətimkan tədbiri seçilmədən də istintaq davam etdirilə bilərdi. Mənə elə gəlir, onunla bağlı həbs yox, fərqli bir seçim edilməsi daha düzgün olardı. Bu da eyni zamanda, beynəlxalq ictimaiyyətə mesaj ola bilərdi ki, həmin hadisə real olaraq vergilərlə bağlıdır və araşdırmalar davam etdirilir. Fikrimcə, hansısa pozuntular olubsa, bu istiqamətdə araşdırmalar aparılırsa, bununla bağlı həbs qətimkan tədbirinin istifadə edilməsi düzgün deyil”.
M.Əliyev avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyir, bunu azad sözə qarşı atılmış addım kimi dəyərləndirirlər.