Bir il bundan əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin yaydığı açıqlamanı xatırlayarsınız. Açıqlamada bəyan olunurdu ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini yarımçıq buraxıb. Son 3 ilin statistikasına əsaslanan bu rəqəm Azərbaycan boyda ölkənin təhsil sistemi üçün əsl faciədir, demək olar ki. Bu açıqlamanın üstündən heç bir il keçməyib. Məsələnin həlli istiqamətində hökumət tərəfindən hər hansı humanist addım atıldığı da yox. İndi, gəlin, bu il universitetlər üçün müəyyən olunmuş başgicəlləndirən qiymətlərə baxaq. Təhsil eksperti Kamran Əsədovun FB səhifəsində paylaşdığı bu rəqəmlərə baxanda gözüm qaraldı. Yaşadığımız həyat şərtləri bu təhsil haqlarının ödənməsinə necə imkan verə bilər axı? Baxın, özünüz dəyərləndirin.
II qrup üçün universitet qiymətləri(illik): ADA – 6500 AZN, BDU – 1300-2500 AZN, Prezident yaninda İdarəçilik Akademiyası – 2500 AZN, Bakı Mühəndislik Universiteti – 2000-2500 AZN, Azərbaycan Dillər Universiteti – 1000-2500 AZN, Milli Aviasiya Akademiyası – 1600-2500 AZN, Gömrük Akademiyası – 3000 AZN, Memarlıq və İnşaat Universiteti – 2300 AZN, Xəzər Universiteti – 4500-5000 AZN, Qərb Universiteti – 2000-2200 AZN, Azərbaycan Universiteti – 2500-3000 AZN, Bakı Biznes Universiteti – 2000-2500 AZN, Koperasiya – 1700-2500 AZN.
Rəqəmlər fərqli qruplar üçün dəyişkəndir. Mən, sadəcə, onlardan birini yazıb, reallığı diqqətinizə çatdırmaq istədim. Ekspert başqa universitetlərdə qiymətlərin də 1000-2000 AZN arasında dəyişdiyini yazır. BDU-da Hüquq fakültəsinin təhsil haqqını isə ayrıca qeyd edir. Hüquq üçün keçən il 3800 AZN olan qiymətlər bu il 4300 AZN -ə qalxıb.
Orta aylıq əmək haqqı ərzaq puluna belə çatmayan Azərbaycan vətəndaşı bu qiymətlərlə övladını necə oxutsun? Nədən bu qədər yoxsul həyat şərtləri altında yaşayan ölkə insanı üçün təhsil pulsuz olmasın? Gerçəkdən də, Avropanın ən mükəmməl təhsil sistemini qurmuş Almaniyada təhsil pulsuzdursa, bizdə niyə olmasın? O Almaniya ki, təkcə orta məktəblərində deyil, 250 klassik universitet və Tətbiqi Elmlər universitetlərində də bütün dərslər pulsuzdur. Yalnız “dərslərin normal müddəti”dən geri qalan tələbələr hər dövr üçün təxminən 500 avro ödəməli olurlar. Tələbələr həmçinin universitet içi və xarici çox ucuz ictimai nəqliyyat imkanlarından faydalanmaqdadır. Bundan başqa, tələbələr üçün müstəqil qeyri-kommersiya təşkilatı olan və əyalət tərəfindən maliyyələşdirilən ucuz “Studentenwerk” otaqları təmin olunur. Almaniyada universitetlər təqaüd vermir, amma bir sıra özəl və ya ictimai təşkilatlar yaşayış və kitab xərclərini qarşılayacaq təqaüdlər verir. Tələbələr təhsil xərclərini ödəyə bilmədikdə, 4-5 il müddətə aylıq 550 avroya qədər yardım almalarını təmin edən bir qanun var. Bu pulun, sadəcə, yarıya qədəri sonradan geri ödəmək tələb olunur. Siz nə düşünürsünüz, cənablar? Təhsilini yarımçıq buraxan 17 min tələbənin sayını hara qədər artırmaq fikrindəsiniz? Onlarin taleyi heçmi düşündürmür sizi? Əvvəllər yenə onların banklardan kredit götürməklə vəziyyətdən müvəqqəti çıxmaq imkanları vardı. İndi necə olacaq, hansı bank tələbəyə kredit verər bu gün? 3-4 ildir müzakirə etdiyiniz “Təhsil krediti haqqında qanun” layihəsindən də bir şey çıxmadı. Yəqin çıxmayacaq da. O zaman necə olsun minlərlə imkansız gəncin aqibəti? Nə fikirləşirsiniz, bu problemi yoluna qoymaq sizin borcunuzdur axı…
Səadət