“Günahsız bir insanı şərləyib həbs etdirmək ləyaqətsizlik deyil?”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində bu gün prokurorun “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə 4 il yarım cəzaistəməsinə münasibət bildirib:

“Günahsız bir insanı, iki azyaşlı uşağın atasını şərləyib həbs etdirmək ləyaqətsizlik deyil? Bu cür çirkin işlərdə rol alan adamlar necə çıxırlar xalq arasına? Azərbaycan hüquq mühafizə orqanları bu gün daha bir cinayət işlətdi. Prokuror köməkçim, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin 4il yarım müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Faiq bəyin məhkəməsi hətta Azərbaycan standartlarında da məhkəmə ola bilmədi. İki ay ərzində onlarla “şahid” dindirdilər. Faiq bəyin vergidən yayındığını sübut etmək üçün şəxsiyyət vəsiqəsinin itməsinə görə 2001-ci ildə qəzetdə 2 manatlıq elan vermiş adamı da, 2008-ci ildə 5-6 manata torpaq elanı verilmiş adamı da tapıb gətirmişdilər məhkəməyə. Ondan da utanmamışdılar ki, bu elanlar qəzetdə gedəndə Faiq bəy heç orada işləmirdi (Faiq bəy qəzetdə 2011-ci ildən işləyir). Amma yenə xeyri olmadı, qəzetdə vaxtilə elan vermiş həmin şahidlər də, digər şahidlər də məhkəmədə təsdiq etdilər ki, onlar heç Faiq bəyi tanımırlar. Faiq bəyin Fətullah Gülənə imam elan olunmağı da başqa bir müsibətdir. Absurd teatrında “Azadlıq” qəzetinin satışından yayım firmalarına çatan gəlirlər də, hətta qəzetin satılmayan nüsxələrinin dəyəri də Faiq bəyin vergidən yayındırdığı məbləğ hesab olunub. Faiq bəyə qarşı bu məhkəmə oyunu tariximizdə “Azadlıq” qəzeti üzərində quraşdırılmış saxta məhkəmə – rejimin üz qarası kimi qalacaq.
Ölkədə kin, qisasçılıq, yalan, saxtakarlıq, üzəduranlıq, yaltaqlıq meydan sulayır. Nə yaxşı ki, ölkəmizdə hətta bu şəraitdə də ləyaqətini itirmədən yaşayan insanlar var. Belə insanların bir qismi azadlıqlarını itirib, digərləri də azadlıqlarını itirmək təhlükəsi altında yaşayırlar. Ancaq əsas odur ki, yaşayırlar, sürünmürlər! Allah Faiq bəyin də, digər nahaqdan həbs olunanların da qapısını açsın, ləyaqət savaşı aparanların zəhmətini itirməsin!”