Bugün təyin olunan vaxtda-11:30-da 2 yaşlı Zəhra üçün keçirilən yürüş-mitinq başladı. Gözləntilərimiz özünü doğrultmuşdu. İlk dəfə idi ki, bu qədər azərbaycanlınını bir yerdə görürdük. Yürüşə qatılanların çoxu Zəhra ilə həmyaşıd uşaqları ilə gəlmişdilər. Bayrağımız və Zəhranın şəkili olan almanca yazılı posterlər də əllərində. “Erməni işğalına son”, “Mən Zəhrayam” şüarları ilə başlayan aksiya Freiderich Ebert küçəsi boyunca davam edirdi. Yürüş-mitinq yerli almanların və küçədən keçən turistlərin də diqqətini cəlb etmişdi. Onlar yürüş iştirakçılarına yaxınlaşıb Zəhranın nədən və kimlər tərəfindən öldürülüdüyünü öyrənməyə çalışırdılar. Eyni zamanda küçədən keçən sürücülər də siqnal verərək yürüş-mitinqinə dəstəklərini ifadə edirdilər.”Legat” hüquq firmasının rəhbəri Əlövsət Əliyev nitqində mitinqə gələnləri salamlayıb təşəkkürürünü bildirdi:
“Dəyərli həmvətənlər,
Zəhra balanın xatirəsinə Almaniyanın Düsseldorf şəhərində ” Mən Zəhrayam!” və “Erməni işğalına son!” şüarları ilə çox möhtəşəm yürüş – mitinq baş tutdu. Düsseldorfun ən gur prospektlərindən biri hesab olunan Karlstrasse ilə 400 nəfərdən çox həmyerlimizin şüarlar söyləyərək irəliləməsi çox izdihamlı və fərəhləndirici idi. Bu tədbir bir daha onu göstərdi ki, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi , təşkilatlanması vacibdir və buna vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq ,özünü azərbaycanlı hesab edən hər kəs öz tövhəsini verməlidir.
Tədbirdən iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk. Eyni zamanda tədbirin işıqlandırılmasına cəhd edən dostlara da çox sağolun deyirəm.
Ümid edirəm ki, yaxın illərdə Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması digər ölkələrdə yaşayan soydaşlarımız üçün nümunə olacaqdır.”
“Bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq… “
Yürüşün bitiş nöqtəsi olan Graf Adolf Platz-a çatanda isə, təşkilatçılar Azərbaycan, ingilis və alman dillərində çıxışlarını etdilər. İlk söz alan “Kanal13” internet televiziyası və “Avropost” qəzetinin baş redaktoru Anar Orucovun çıxışı təsirli idi:
“Zəhra! Mənim mələk qızım… Bu məktubu sənə yazıram – həyatda heç vaxt üzünü görmədiyim bir mələyə! Düşüncələr içindəyəm, bu sətirləri yaza – yaza düşünürəm ki, sənin necə acı olduğunu belə bilməyə ömrün yetməyən bu həyat, həm də necə təzadlıdır, gözəl qızım: çünki bu məktubu sənə yazma nədənim də elə sənin bu məktubu heç vaxt oxuya bilməyəcəyin səbəbindən yaranıb… Zəhra, mənim balam, bilirəm ki, sən bu məktubda sənə nə yazdıqlarımdan heç vaxt xəbər tutmayacaqsan – ona görə yox ki, sən hələ çox kiçiksən, 2 yaşın belə tamam olmayıb, oxuya bilmirsən hələ, ilk hərfləri hələ bundan 4 il sonra öyrənməli idin… Yox! Ona görə ki, sən indi mələklərin olduğu bir məkandasan, əlifbanın, hərflərin, sözün, kəlmələrin heç bir önəm kəsb etmədiyi bir məkanda… Zəhra qızım, amma sənə yazıram, yazmaq istəyirəm – bu gecə ürəyim o qədər narahatdır ki, bir bilsən…
Sabah sənin adını şüar edən yüzlərlə həmvətənin Almaniya adlı Vətənimizdən çox-çox uzaq, yad, soyuq bir məmləkətdə “Mən Zəhrayam” deyə sənin başına gələnlərə etiraz edib, küçələrə çıxacaqlar, sənin yarım qalmış taleyini dünyaya duyurmağa çalışacaqlar, sənin işğal olunmuş Vətəninə dünyadan ədalət istəyəcəklər. Sənin kimi bir mələyə qıymış o terrorçu, işğalçı erməni adını bir daha bu qoca dünyada hayqırb, lənətləyəcəklər, qızım! Zəhra mən səni bu həyatda sağ ikən tanımadım, tanımaq nəsib olmadı, amma sənə “qızım” deyirəm, bilirsənmi, Zəhra, düzünü deyim ki, mənim heç vaxt qızım olmadı, heç vaxt sənin kimi bir mələk bu günədək mənə “ata” demədi, amma inan ki, sən mənə o qədər doğmasan ki, o qədər canımdasan ki, o qədər içimdəsən ki, o qədər ağrıdırsan ki ürəyimi… Sənin cansız bədəninin şəkli olan plakatlar çap etmişik, sabah əllərimizə götürüb sənin məsumluğunu, qatillərinin amansızlığını dünyaya göstərəcəyik. İndi bu şəkillərə baxırdım, yoxlayırdım ki hər şey görüm qaydasındamı: sabah sənin adına bir əskik olmasın deyə, gözəl qızım… birdən sanki qulağıma qeyri-adi bir səs gəldi, uşaq səsi, mehriban və gülümsəyən bir uşaq səsi…
Elə bildim ki, sənsən “ata” deyirsən, məni səsləyirsən… Gözüm cansız bədəninin şəklində, qulağım sənin bildiyim o səsdə – Allahın möcüzəsi idi. Bilmirəm, bəlkə doğrudan da sən idin… Bəlkə doğrudan da məni səsləyirdin, mələyim mənim! Bəlkə yatmış vicdanlarımızı oyatmaq istəyirdin, bir mələyin intiqamı üçün! Bəlkə haqsızlıqdan, ədalətsizlikdən, Vətənsizlikdən, Qarabağsızlıqdan, indi də sənsizlikdən ağlayan qəlbimi ovudurdun “ata” deyə, Zəhram! Bəlkə dünyamıza bu gecə mənim qızım kimi yenidən qayıdırdın, körpə balam. Yoxsa, beləcə təşəkkürmü edirdin yarım qalmış məsum taleyini dünyaya duyuranlara, gözəl qızım… Sənə demişdim bu məktubda bir az əvvəl ki, həyat qəribədir: bilirsənmi, yəni sən mənim həm qızım, həm də bacımsan, Zəhra: ona görə ki, ikimizin bir anası var – adına Azərbaycan deyirik, qızım! Anamıza and olsun ki, məsum balam, sənin intiqamını alacağıq və bir gün mən sənin yanına gələndə bu oxuya bilmədiyin məktubu da, 15 iyulda sənin adına keçirdiyimiz bu etirazı da, gün gəlincə uca Vətənimizi işğaldan necə azad etdiyimizi də, anamız Azərbaycanı necə xoşbəxt edə bildiyimizi də və sənin adından başlayan bu yolun bizi daha nələrə, haralara qədər apardığını da bircə-bircə sənə söyləyəcəm… Bəlkə onda yenə də üzümə şirin-şirin gülüb təşəkkür etdin, məni qucaqladın, mənə bir daha “ata” dedin… Bilmirəm, bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq, darıxacaqsan məni yanında görməyə, gözəl balam.. Amma yanına üzüağ gəlməyim, anamız Azərbaycan qarşısında borcumu verə bilməyim üçün hələ həyatda olsam da, yolumu gözlə, mələk qızım, gələcəyəm, mütləq gələcəyəm!”
Yürüş-mitinqi ingilis dilində təşkilatçılar tərəfindən hazırlanan bəyanatın oxunması ilə sona çatdı.
Sonda onu bildirim ki, yürüş-mitinqinin əsas təşkilatçıları Almaniyada fəaliyyət göstərən “”Azərbaycan” Mədəniyyət və İdman Cəmiyyəti”, “İnteqrasiya və İnkişaf Mərkəzi” “Legat” hüquq firması və “Avropost” qəzeti idi.
Düsseldorf-Almaniya
Xəbərnamə.info