Bunların vicdanı varmı?

Şüşəli qəfəsin içərisində Rüfəti görəndə bütün dünyam alt-üst oldu. Ana bağrım od tutub yandı. Oğlumun dodaqları qupquru qurumuşdu. Üzünün rəngi də xoşuma gəlmədi. Sanki bir solğunluq çökmüşdü sifətinə…

Havasız qəfəsə bir qurtum su da qoymamışdılar. Bunların Allahı yoxdur. Ey yeri- göyü Yaradan, bu zülmü yerdə qoyma! Yalvarıram…

İşgəncənin buynuzu olmur ki?! Bu gün səhər tezdən Kürdəxanı təcridxanasından Rüfət zəng etmişdi. Halsız kimi danışırdı. Soruşdum ki, bala nə olub? Dedi ki, “ana, yaxşı ki, məhkəmə tez qurtardı, yoxsa havasızlıqdan huşum gedə bilərdi. Özümü ancaq toparlaya bilirdim”.
İndi görün bunlar Yeziddən betərdilər, ya yox?

Rüfət məhkəmə prosesi gedə-gedə əli ilə mənə işarə edib su istədi. Məhkəmə iclasından necə çıxdığımı xatırlaya bilmirəm. Iki balaca su butılkası alıb geri qayıdırdım ki, baxdım, adamlar salondan çıxır. Sən demə, artıq qanunu ayaqlar altına atıb tapdalayan məhkəmə heyəti tələm-tələsik qərarını vermişdi. Hökmü qüvvədə saxlayan hakimin yəqin ki, yıxdığı evlərin sayı bunula bitmir…

Rüfəti görə bilmədim. Onu qəfəsdən qandallayıb artıq aparmışdılar. Həyəcan içərisində yadıma alışıb-yanan səhrada susuzluqdan ölüm ayağında olan İsmayılın anasının balası üçün ucsuz-bucaqsız səhrada bir qurtum su axtarması düşdü: Ana təlaş içərisindədir. Su tapa bilmir. Birdən səhrada bir bulaq qaynayır. Bu böyük Allahımız tərəfindən səhrada İsmayıla göndərilmiş bir lütf idi. Qurban olum Rəbbimin qüdrətinə…

Mən də oğlum üçün bu geniş dünyada su axtarırdım. Tapdım, lakin onu oğluma verə bilmədim. Sonradan suyu və bir dönəri əməkdaşlardan xahiş etdik ki, Rüfəti “varanoka” mindirməmiş ona çatdırsınlar. Bu gün telefon söhbətimizdə suyun və yeyecəyin ona verildiyini soruşanda söylədi ki, ona heç nə verməyiblər. İndi görün bunların vicdanı var ?! Vicdanı olan kəs qisasını belə almaz…

Nəhayət, Rüfətin məhkəməsinə gələn dostlara, jurnalistlərə, müdafiə komitəsinin sədri Eldəniz Quliyevə, hüquq müdafiəçisi Oqtay Gülalıyevə dərin təşəkkürlərimi bildirirəm. Vəkillər Bəhruz Bayramovu, Yalçın İmanovu, Fariz Namazlını Rüfətin anası olaraq bağrıma basıb öpürəm. Onların məntiqli , savadlı çıxışlarına heyran oldum. Çox təəssüf ki, bu cür bilikli vəkillərin təcrübələri sifarişlə işləyən məhkəmələr tərəfindən nəzərə alınmır. Çünki bu vəkillər haqqı,ədaləti müdafiə etdiklərinə görə xoşlanmırlar. Qoy Allah onları xoşlasın…

Bir daha Rüfət üçün zəhmət çəkən insanların hamısına öz minnətdarlığmı bildirirəm. Allah heç bir anaya mənim çəkdiklərimi göstərməsin!

Tahirə Səfərova