Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının artdığı barədə məlumatın açıqlanmasından sonra yenidən düşüb.
Neft sektorunun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft ehtiyatları ötən həftə 851,000 barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə, ehtiyatların Martın sonunda çatdığı rekord səviyyədən başladığı azalmanı davam etdirdiyini göstərməsi gözlənilir.
Neft artan qlobal hasilat ilə bağlı olaraq ötən həftə ayı bazarına girib. Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları, beş ilin orta göstəricisindən 100 milyon barrel çoxdur və yüksək səviyyələrdə qalmaqda davam edir.
Analitik Devid Lennoks, “Bazardakı “ralli” çox kövrək olacaq və hər hansı bir pis xəbər qiymətlərdə azalmaya səbəb olacaq. İnvestorlar təklif çoxluğu vəziyyətinin fərqindədirlər və bunun aradan qalxması üçün tələbdə artım görməyimiz lazımdır” deyə bildirib.
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas Nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 44.06 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 46.25 dollardan alıcı tapıb. Neft qiymətləri təxminən 0,2% düşüb.