2017-ci ilin I rübündə Azərbaycana 60 min ton kartof idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.
Kartof idxalının 20 faiz azalmasını şərh edən kənd təsərrüfatı üzrə müətəxəssis Vahid Məhərrəmov əslində idxalın az olmadığını deyir.
O, kartof idxalının əvvəlki illərlə müqayisəsini düzgün hesab etmir:
“Problem ondadır ki, şərait olsa da, Azərbaycan kartof istehsal edə bilmir. Bu il kartof idxalının az olmasının səbəbi alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymətin yüksək olmasıdır. Bəzi işbazlar çoxlu kartof gətirib aşağı qiymətə satmaqla özlərini çətinliyə salmırlar. Onlar az həcmdə kartof gətirib daha baha qiymətə satır, böyük gəlir əldə edilər. Bu il də belə oldu. Nəticədə kartofun qiyməti 1 manatdan aşağı düşmədi”.
Azərbaycana kartofun daha çox Gürcüstandan gətirilməsinə gəlincə, ekspert bildirdi ki, qonşu respublika özünü təmin edəcək qədər kartof yetişdirə bilmir. Gürcüstandan Azərbaycana gətirilən kartof Ermənistan məhsuludur:
“Əminliklə deyirəm, Azərbaycanda satılan kartof Gürcüstan vasitəsilə gətirilən Ermənistan məhsuludur. Uzun müddət bu barədə danışırıq. Ermənistanda aqrar sektor güclü inkişaf edib və bu ölkədən yalnız kartof yox, iribuynuzlu mal-qara, qoyun, hətta ərik də gətirilir. Konkret olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində hərbçi ermənilər 700 min iribuynuzlu heyvan üçün fermer təsərrüfatı yaradıb və həmin mal-qara Gürcüstana gətirilir. Ordan da Azərbaycana satılır. Amma adı Gürcüstan məhsulu olur”. (Meydan TV)