”Hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun”
Brüssellə Bakı arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələrlə əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanılıb.
Azərabaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev yeni başlanan danışıqlarla bağlı qarşıda görüləcək hələ çox işlərin olduğunu söyləyib və birlik ölkələrilə vizasız səfər məsələsinə də toxunub.
O, bu barədə APA-ya danışıb.
Mahmud Məmmədquliyev hesab edir ki, Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib gəlməsi üçün viza məsələləri bir qədər yüngülləşdirilib:
“Eyni zamanda, bizim imzaladığımız sazişlər, həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir. Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq. Hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun”.
Ancaq Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, nazir müavini hazırda bu barədə danışmağın bir qədər tez olduğunu deyib.