Bakıda “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib. Tədbirdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib:
«Bu gün onu da qeyd etməyə məcburam ki, bir neçə il bundan qabaq sizin sıralarınızda əyləşmiş bəzi “generallar” ümummilli liderin bu gözəl ənənəsini və nümunəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Bilirsinizmi bu, niyə belə oldu? Çünki belələrinin qəlbində ümummilli liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də onların intellekti və mənəvi ailəmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Heydər Əliyev fəhlə ailəsində doğulub SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlıydı. Amma Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan bəzi sizin keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər”.