“Türkiyənin 80 milyon əhalisi var. “Evet”lə “hayır” arasındakı fərq isə cəmi 1 milyondan bir az çoxdur. Referendum qardaş ölkənin qütbləşdiyini göstərir. Çünki nəticələr faktiki olaraq yarı-yarıyadır. Prezident üsul-idarəsinin tətbiqinə üstünlük verənlərin üstünlüyü cüzidir. Böyük şəhərlər, ümumiyyətlə prezident üsul-idarəsinin əleyhinə çıxıb. Ərdoğanı həmişəki kimi bölgələr xilas etdi”. Politoloq Elxan Şahinoğlu Türkiyədəki referendumun nəticələrini şərh edərkən deyib.
O qeyd edib ki, referendumun nəticəsi hakim Ədalət və İnkişaf Partiyası və prezident Ərdoğan üçün sürpriz oldu: “Çünki Ərdoğan daha böyük uğura ümidli idi. Məsələn, hakim partiya 55 ilə 60 faiz arasındakı nəticəyə ümidli idi. Çünki administrativ resurs “evet”ə işləyir, Milliyətçi Hərəkat Partiyası onu dəstəkləyir, həmçinin meydanları yüzminlərlə insan doldururdu. Bunun qarşılığında “hayır” cəbhəsi yalnız Cumhuriyyət Xalq Partiysının lideri Kamal Kılıçdaroğlunun ətrafında toplanmışdı. O böyük “evet” cəbhəsinə qarşı meydanlarda təkbaşına mübarizə aparırdı, mitinqlərinə də çox adam toplaya bilmirdi. Daha çox qapalı zallarda çıxışlara üstünlük verirdi. Buna rəğmən, Kamal Kılıçdaroğlunu təbrik etmək lazımdır, başından hündürə tullana bildi. Sadəcə, qarşı tərəfin arqumentləri də zəif deyildi, “koalisyon hökumətlər Türkiyəni uçuruma apardı, inkişadan geri qaldıq, banklar xortumlandı” – bu hakim partiyanın əsas şüarı idi. Yəni açıq dilə gətirməsələr də, parlamentarizmin ölkənin inkişafını əngəllədiyini, çevik qərarlar verməyin mümkün olmadığını söyləmək istəyirdilər. Ancaq Kılıçdaoğlununun da tezisi zəif deyildi: “bütün səlahiyyətlər bir nəfərin əlində cəmləşir, birdən həmin bir nəfər səhv qərar verərsə, bunun yükünü dövlət və xalq daşıyacaq”.
Buna baxmayaraq, cüzi də olsa qələbə Ərdoğanındır. Hakimiyyət Kılıçdaroğlunun dediyi kimi bir nəfərin əlində cəmləşir”.
Elxan Şahinoğlu bildirib ki, bu gün heç kim prezident sisteminin uğurlu və ya uğursuz olacağını proqnozlaşdıra bilməz: “Doğrudur qütbləşmə var. Ancaq bir neçə aydan sonra kimsə bu nəticələri müzakirə etməyəcək. Hamının yadında o qalacaq ki, Ərdoğan qələbə çaldı və prezident səlahiyyətləri artdı. Bu gün heç kim prezident sisteminin uğurlu və ya uğursuz olacağını proqnozlaşdıra bilməz. Bu sistemin necə işləyəcəyini, Türkiyəni irəliyə və ya geriyə aparacağını yaxın illər göstərəcək.
Bizə gəldikdə isə qardaş ölkə üçün hayırlı-uğurlu demək qalır. Bu bizim referendumumuz deyildi. Şəxsən mən parlamentarizmə üstünlük verirəm. Ancaq çoxluğun qərarına da hörmətlə yanaşmaq lazımdır. Türkiyə bundan sonra da Azərbaycanın strateji müttəfiqi olaraq qalacaq, bizim üçün əsas budur”.