Vahid Məhərrəmov
Bütün insanlara bəllidir ki, malın, məhsulun, məmulatın satış və alış qiyməti bazarın yaratdığı dəyərlə ifadə olunur. Yəni, bazar çəki, ədəd, ölçü meyyarlarından vacib olan bir funksiyanı qiymətləndirmə funksiyasını həyata keçirir.
Bu zaman təklif, tələb, keyfiyyət, real vəziyyət kimi amillər malın qiymətinə müsbət və yaxud mənfi dərəcədə öz təsirini göstərir. Bazar müəyyənləşdirdiyi qiymətlər real olur. Bazar konkret obyekt də ola bilər, abstrakt bir məkan da, nəticə etibarı ilə fərq etməz hər iki halda bazar öz əsas funksiyasını qoruyub saxlayır. Hər hansı bir bazar obyektini dağıtmaqla onun qitmətqoyma funksiyasını dəyişmək mümkün deyil, həmin obyektin bir neçə metirliyində alıcı ilə satıcı, yəni istehlakçı ilə istehsalçı sövdələşərək alış-veriş edəcəklər və həmin məkanda yenə də bazar qiyməti formalaşacaq. Və yaxud çörək bazarı konkret bir obyekt kimi yaranmasa da, ölkədə belə bazar abstrakt olaraq mövcuddur və qiymətləri də həmin bazar müəyyənləşdirir.
Bazara məmur müdaxiləsi, inzibati təsirlər yalnız qısa müddətdə, dar bir məkanda mümkündür. Lakin belə müdaxilələr sonda heç bir müsbət nəticə verə bilmir. Əksinə belə müdaxilələr bazardakı iki oyunçudan birinin ya istehsalçının və yaxud da istehlakçının ziyanına yönəlir ki, bu da sonrakı etaplarda belə süni yaradılmış vəziyyətdən müvəqqəti uduş əldə edənin hesabına həmin ziyan kompensasiya olunur. Alıcıları, satıcıları aldatmaq mümkün olsa da, bazarı aldatmaq mümkün deyil. Elə buna görə də hökumət məmurlarının mütamadi olaraq bazara təsir cəhdləri boşa çıxır.
Uzun müddətdir ki, Azərbaycanda “suni qiymət artımı” ifadəsi ölkə başçısı və nazirlər tərəfindən tez-tez işlədilir. Baxmayaraq ki, suni qiymət artımının nə demək olduğu haqda heç bir anlayış yoxdur. Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, “Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla bağlı İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazımi tədbirlər həyata keçirirdi, lakin müşavirədən sonra bu cür tədbirlər daha da intensiv xarakter alıb. Nazirin sözlərinə görə, istehlak bazarında aparılan monitorinqlərin əhatə dairəsi genişlənib. Təbii ki, İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını alacaq. Bu istiqamətdə bütün zəruri addımlar atılacaq”
Mənim üçün təəccüblü odur ki, bazar formalaşdırdığı qiymətin suni olub olmadığını bunlar necə müəyyən edirlər? Bəlkə bunlarda analoqu olmayan qiymət ölçən, malın, məhsulun qimətinin suni və yaxud təbii olduğunu dəqiq müəyyən edən hansısa bir cihaz var? Bəlkə bunlar optimal qiymətlə suni qiymət arasındakı həddi də müəyyən edə bilirlər. Belə bacarıq varsa, bu başqa məsələ. Ancaq tam əminliklə deyə bilərəm ki, bunların bazar iqtisadiyyatından anlayışı olsa, heç vaxt süni qiymət artımını dillərinə gətirməzlər. Bu gün Azərbaycanda ərzaq mallarının qiyməti digər ölkələrlə müqayisədə 30-40 faiz yüksəkdir, bəzi malların qiymətində isə fərq 2 dəfə çoxdur. Bunun səbəbi isə inhisarçılıqdır, monopoliyadır. Monopoliya idxalda və topdansatış bazarındadır. Ölkədə işgüzar mühit yaransa, inhisarçılıq aradan götürülərsə, bazarlarda qiymətlər optimal həddə düşər.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb