ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta rəsmi Bakının da Suriya ilə əlaqədar olaraq ölkəsinə yardım etmək kimi istədiyinin olduğunu açıqlayıb.
Səfir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Suriyada dinc təşəbbüslərə dəstək verməlidir: “Bizim gözləntimiz bundan ibarətdir. Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi mənfur siyasətinin qarşısının alınmasında Azərbaycan da köməklik etsin”.
Səfirin açıqlamasına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi Bakının ABŞ-a Suriya məsələsində kömək etməsi bizim təhlükəsizlik maraqlarımıza uyğun deyil: “Səfir Robert Sekutanın “Azərbaycan Suriyada bizə kömək etsin” açıqlamasını anlamıram. Suriyada Bəşər Əsədə qarşı yürüdülən siyasətdə Azərbaycan niyə Amerikanın yanında olmalıdır? Bu bizim təhlükəsizlik maraqlarımıza uyğun deyil. Mən Rusiyanın xarici siyasətini zərərli hesab edirəm, ancaq Suriyaya görə Kremllə niyə düşmən olmalıyıq? Axı bizim Suriyada özəl maraqlarımız yoxdur. Bəli, şəxsən mən də Bəşər Əsədin legitimliyini çoxdan itirdiyini və bu şəxsin hakimiyyətdən getməsi zərurətini dəstəkləyirəm. Ancaq mən müstəqil siyasi ekspertəm, rəsmi Bakı isə bu mövqedən çıxış edə bilməz”.
Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdə, eləcə də Suriyada özəl maraqları yoxdur: “Yeganə istəyimiz Suriyada müharibənin bitməsi və bu ölkənin ərazi bütövlüyünü təmin etməsidir. Vəssəlam. Bundan artığını rəsmi Bakı açıqlaya bilməz.
Yaxşı olardı ki, Amerikanın Ermənistandakı səfiri deyərdi ki, “Suriyada Bəşər Əsədə qarşı mübarizədə Ermənistanın Amerikanın yanında olmasını istəyirik”. Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmaq məsələsində İrəvana güldən ağır söz demirlər, Suriyaya gəldikdə isə Azərbaycanı yükləmək və problemin mərkəzinə sürükləmək istəyirlər”.