«Azərbaycanda mentalitetlə idarə olunan sahə yoxdur»

Aprelin 11-də isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, hostellər xalqımızın mentalitetinə yaddır. DİN rəsmisinin fikrincə, hostellər qeyri-yaşayış binalarında açılmalıdır.  72173
Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektə qarşı reyd keçirilib. E.Zahidov bu məsələyə də münasibət bildirib: “Sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. Biz ilkin istintaqı aparıb, işi məhkəməyə göndərdik. Bu məsələni məhkəmə həll edəcək”.
DİN rəsmisinin sözləri son iki gündə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Kimisi onun dediklərində müəyyən haqlı məqam olduğunu bildirsə də, bir çoxları bu məsələyə “mentalitet” baxımından yanaşmanın yanlış olduğunu bildirib. Bəs son günlərin müzakirə mövzusuna professionallar nə deyir?
Turizm üzrə ekspert Ülvi Həsənli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, hələ elə bir sahə tanımır ki, o qanunlarla yox mentalitetlə idarə olunsun, fəaliyyəti tənzimlənsin: “Dövlət rəsmisinin belə bir açıqlama verməsi biabırçılıqdır. Bu təfəkkürlə turizm idarə olunmaz, dəfələrlə demişik. Ona görə, Azərbaycanda digər sahələr kimi, turizmin inkişafı da azad, ədalətli məhkəmələrdən, qanunun aliliyindən keçir. Sərmayə olmalıdı, o da qanunun işlədiyi ölkəyə gedir, şəxslərin qərarları ilə idarə olunan ölkələrə yox”.
Ekspert bildirdi ki, hostellərin turizmdə üçün çox vacib yeri var. Aşağı ulduzlu otellərin də həmçinin: “Azərbaycanda yerləşmə yerlərinin sayı əslində normadan çox azdı. Ona görə otellər dolu görünəndə, 5-10 turist gələndə insanlar elə bilir turizm inkişaf edir. Hökumətin bu istiqamətdə stimullaşdırıcı fəaliyyəti olmalıdı. Hostellərin, 2-3 ulduzlu otellərin açılamasını həvəsləndirməlidir. Amma bu bir tərəfə, bu istiqamətdə iş görən sahibkarlara qarşı problemlər yaradılır. İstənilən sahə mentalitetlə yox, qanunla idarə olunmalıdır. İkincisi, Azərbaycanda qanunvericilikdə hostellərlə bağlı bir qadağa yoxdu. Hosteldə kimsə ictimai asayişi pozubsa, bununla bağlı addım atmaq lazımdı, hostelləri bağlamaq, qaralamaq lazım deyil. Azərbaycanda qanunlar işləmədiyinə görə hökumət rəsmisi belə danışır. Qanunlar işləsəydi, heç vaxt belə danışa bilməzdi”.
İqtisadçı ekspert Natiq Cəfərli də saytımıza açıqlamasında bildirdi ki, əgər Azərbaycan doğurdan da turizmi inkişaf etdirmək, turizm potensialını artırmaq istəyirsə ucuz otellərin, hostellərin ölkədə olması çox vacibdir: “Çünki müasir – 21-ci əsrdə turist profili bir gecə üçün çox böyük məbləğlər xərcləmək istəmir. Müasir turist çox ucuz, rahat bir yerdə gecələməyə üstünlük verir ki, bu da hostellərə tələbatı bütün dünyada artırır. Turizmdə bizim rəqibimiz olan qonşu Gürcüstanda turizmin inkişaf səbəblərindən biri hostellərin çoxalmasıdır. 1000-dən çox hostel Gürcüstanda fəaliyət göstərir ki, o da turizmin inkişafında mühim rol oynayır. Hostellərin mentalitetlə heç bir əlaqəsi yoxdur. Bu dünyada qəbul olunmuş qaydalardan biridir. Onun hər hansı bir dəyərlərlə, mentalitetlə bir başa əlaqəsinin olub-olmaması çox güman ilk dəfə olaraq Azərbaycanda səslənir”.
“Hostellər təbii ki, böyük otellərə rəqib ola  bilər. Ancaq hərəsinin öz müştəri kollektivi var. Yəni, böyük və bahalı otellərin də öz müştəri kollektivi mövcuddur. Azərbaycanda biz bunun son illərdə otellərin tikilməsində görürük. Ancaq ən çatışmayan cəhət ucuz otellərin və hostellərin olmamasıdır. Bu sahənin inkişafı həm turizm sahəsinə, həm də iqtisadiyyata çox böyük töhfə verə bilər. Hostellərin inkişafı ən azından büdcəyə ödəniləcək vergilərin də həcminə müsbət təsir göstərə biləro” – deyə ekspert bidlirib».
Əgər dünyaca məşhur booking.com saytında Azərbaycandakı hostellərlə bağlı axtarış etsək yalnız bir hostelin adının çıxdığını görərik. “Freedom” olaraq adalanan hosteldə qiymətlər olduqca münasibdir. Qarışıq yataqxanada tək nəfərlik yataq 5 günlük 90 manat, qızlar üçün olan xüsusi otaqlarda isə qiymətlər 100 manat civarındadır. İki nəfərlik olan otaqlar üçün artıq may ayı üçün bron edilib. Həmin otaqların qiyməti 5 gün üçün 240 manat civarındadır. Otaqların şəraiti isə heç də otellərdəki şəraitdən fərqlənmir.
Qeyd edək ki, hostellər bütün dünyada qonaqlamanın ən ucuz və sosial növü sayılan hostellər bəlkə də otellərdən çox müştəri cəlb edir. Kiçik büdcə ilə səyahət edən bir çox insanlar bahalı otellərə pul xərcləməmək üçün hostellərdə qalmağa üstünlük verirlər.
Turistlər bəzən hostelləri daha səmimi atmosferinə, dünyanın fərqli yerlərindən dost tapmaq, ünsiyyət qurmaq üçün münasib məkan hesab edirlər. Əlbəttə, ən vacib olanı isə hostellərin insanların cibinə uyğun olmasıdır. Otel otaqları kimi hostelləri də online sifariş etmək və pulunu qabaqcadan ödəmək mümkündür.
Hostellərin 4-6, bəzən də 8-10 və ya 20 adam üçün nəzərdə tutulan otaqlarında insanlar gecələmək üçün rahatlıqla istifadə edə bilirlər. Yataq sayı artdıqca qiymətlər aşağı düşür. 1 və ya 2 nəfərlik otqalar isə bir qədər baha olmaqla bərabər çətin tapılır. Ən azından, uzun müddət əvvəldən sifariş etmək lazımdır. Ümumi mətbəxdə hər kəs özünə xidmət edə və öz istədiyini bişirib yeyə bilər. Ümumi dəhlizdə isə televizoru seyr etməklə insanlar bir-biri ilə ünsiyyət qurur, söhbətləşir, hətta internet xidmətindən yararlana bilirlər. Hostellərdə təhlükəsizlik baxımından kameralar da quraşdırılır. Hostellərin qiymətləri 3-20 avro arası dəyişir.
Azərbaycanda isə indiyə qədər hostellərin yaradılmasına maraq göstərilməyib. Bu baxımdan paytaxta gələn qonaqlar yalnız yüksəkulduzlu otellərin xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Qonşu ölkələrdən gələn ortabab büdcəli insanlar və ya rayonların Bakıya müvəqqəti gələn və gecələməyə yer tapmayan adamlarının imkanları isə həmin otellərin xidmətləri ilə üst-üstə düşmür.