Əli Kərimli çıxışı zamanı siyasi məhbuslar azadlıq tələb edib, ölkənin korrupsiya bataqlığına salındığını bildirib: “Ancaq biz burdayıq, buna yox deyirik. Bu meydana korrupsiyaya yox demək üçün gəlmişik. Onların mənimsədiyi milyardlar sizindir, bu xalqındır. Neft gəlirlərini talan etdilər, indi də ölkəni borc bataqlığına sürükləyirlər”
Əli Kərimli deyib ki, bu ölkənin onlarla ləyaqətli insanı həbsdədir. “Onları düşüncələrinə, görə həbs ediblər. Onlara azadlıq tələb etməyə bilməzdik! ”.
Sonra AXCP sədrinin müavini Nurəddin Məmmədli çıxış edib. O, ölkədə aparılan pensiya islahatlarını tənqid edib. Hökumətin yaşlı, ahıl insanların haqlarına sayğı göstərmədiyini ifadə edib: “2.5 milyon soydaşımız kredit girovuna çevriliblər. Bu hökumətin bizə verdiyi budur”.
N. Məmmədli deyib ki, mübarizəyə Azərbaycanın xoşbəxtliyi naminə çıxıblar:”Ölkəni korrupsiya bataqlığına saldılar. Biz xalqın bu duruma düşürülməsinə heç vaxt biganə qalmadıq, qalmayacağıq”
Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli də çıxışında hökuməti tənqid edib O, normal cəmiyyət istədiklərini vurğulayıb: “Normal səhiyyə sistemi istəyirik. Elə səhiyyə sistemi ki, orda insanların sağ ayağı əvəzinə, sol ayağını kəsməsinlər… Biz normal cəmiyyət istəyirik. Elə bir cəmiyyət ki, orda bizim üçün sağlamlığını qurban verən Asif Yusiflilər baxışlarına, düşüncələrinə görə, həbsxanada olmasınlar. İki nəfərin ölümünə səbəb olan məmur övladları 3 ildən sonra əfv edilib azadlığa buraxılmasınlar. Biz çoxmu şey istəyirik? ”
Gürcüstanın, Ukraynanın bütün Avropaya vizasız gediş imkanı qazandığını, Azərbaycanda isə rayon avtomobillərinin Bakıya buraxılmadığını qeyd edən Gültəkin Hacıbəyli əsas hədəfin Avropaya inteqrasiya etmək olduğunu bildirib.
Milli Şuranın sədri Cəmil Həsənli də çıxışında hökumətin apardığı siyasəti tənqid edib. O, Milli Şuranın təşkil etdiyi etiraz aksiyalarının məqsədlərinə toxunaraq deyib ki, niyyətləri xalqın azad və firavan yaşamasını təmin etməkdir.
C. Həsənli Milli Şura adından hökumətdən bütün siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb edib.
Mitinq qətnmənin oxunmasından sonra başa çatıb. Qətnamədə Azərbaycan hakimiyyətinin siyasəti sərt tənqid edilib. Milli Şura hökumətdən tələb edib ki, korrupsiya və monopoliyaya ilə təcili sərt tədbirlər görülsün.
Qətnamədə vurğulanıb ki, əhalinin ağır sosial durumdan xilas edilməsindən ötrü təcili addımlar atılmalı, müavinət və sosial ödənişlər artırılmalı, medianın azad fəaliyyəti təmin olunmalı, Avrointeqrasiya kursu gücləndirilməlidir.